AZ

Tramp Maskın şirkətlərinə verilən subsidiyaların araşdırılmasını təklif etdi: “BÖYÜK QƏNAƏT OLAR!”- ÖZƏL

Olaylar.az xəbər verir ki,  ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı sosial şəbəkə platforması Truth Socialda etdiyi paylaşımda, federal hökumətin xərclərini azaltmaq üçün Tesla və SpaceX rəhbəri İlon Maskın şirkətlərinə verilən subsidiyaların "sərt şəkildə" araşdırılmasını təklif edib.
"Tarixdə heç kim Mask qədər subsidiya almayıb. Əgər bu yardımlar olmasaydı, o, yəqin ki, dükanını bağlayıb Cənubi Afrikaya qayıdardı. Artıq nə raket buraxılışı, nə peyk, nə də elektrik maşını istehsalı olardı və ölkəmiz böyük qənaət etmiş olardı. Bəlkə DOGE (Hökumət Effektivliyi Departamenti) buna ciddi nəzər salsın? Böyük pullar qənaət edilə bilər!!!" - Tramp yazıb.
Trampın bu paylaşımına cavab olaraq İlon Mask özünün sosial platforması X üzərindən belə deyib: "MƏN ƏSASƏN DEYİRƏM - HAMISINI KƏSİN. İNDİ."
Xatırladaq ki, Mask bir neçə həftəlik səssizlikdən sonra Senatda büdcə və vergi islahatı ilə bağlı layihənin gündəmə gəlməsi ilə yenidən debatlara qoşulub. O, bu qanun layihəsini "ağlasığmaz dərəcədə dəli və dağıdıcı" adlandırıb.
Bazar ertəsi günü isə daha sərt çıxış edərək, xərclərin azaldılması vədləri verib sonra bu qanun layihəsini dəstəkləyən siyasətçiləri tənqid edib:
"Bunlar utanmalı və başlarını aşağı salmalıdırlar! Və əgər bu dünyada edəcəyim son şey olacaqsa belə, gələn il keçiriləcək ilkin seçkilərdə onların məğlub olmasına nail olacağam!"
Mask, eyni zamanda yeni siyasi partiyanın yaradılması çağırışı da edib: "Bu qanun göstərdi ki, biz əslində bir partiyalı ölkədə yaşayırıq - bu partiyanın adı isə PORKY PIG PARTİYASIdır!" - deyə istehza ilə yazıb.
Mask və Tramp arasında yaranan bu yeni gərginlik diqqətçəkicidir, çünki texnologiya milyarderi ötən seçki kampaniyasında Trampa 300 milyon dollara yaxın dəstək vermiş, üstəlik DOGE adlı federal qənaət təşəbbüsünün rəhbəri olmuşdu.
Mask iddia edir ki, DOGE vasitəsilə qazandırdığı qənaətləri bu qanun tamamilə siləcək və dövlət borcunu kəskin artıracaq.
Bu mübahisənin Konqresdə qanunun qəbuluna hansı təsiri olacağı hələlik bəlli deyil. Lakin bəzi Respublikaçılar Mask və Tramp arasında yaranan bu gərginliyin 2026-cı il aralıq seçkilərində partiyanın mövcud çoxluğunu qorumaqda çətinlik yarada biləcəyindən narahatdırlar.
Maskın açıqlamaları həmçinin Tesla səhmlərinin qiymətində kəskin dalğalanmalara səbəb olub və şirkət təxminən 150 milyard dollarlıq bazar dəyərini itirib. Daha sonra səhmlər qismən bərpa olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
29
21
olaylar.az

10Mənbələr