Çində süni intellektin idarə etdiyi robotlar arasında ilk tam avtonom futbol matçı keçirilib.
Publika.az xəbər verir ki, bu barədə “Independent” nəşri məlumat yayıb.
Tarixi qarşılaşmada yalnız humanoid robotlar iştirak edib. Onlar yüksək dəqiqlikli vizual sensorlarla təchiz olunublar. Bunun sayəsində topu tanıya, meydanda hərəkət edə və yıxıldıqdan sonra özləri qalxa biliblər. Lakin bu funksiyaları yerinə yetirmək bütün robotlara müyəssər olmayıb. İki robot matç zamanı “huşunu itirib”, yəni cavab verməyi dayandırıb və yerindən qalxa bilmədiyi üçün onlar xərəkdə meydandan çıxarılıb.
Oyun bir çox məqamda həm gülməli, həm də texniki çətinliklərlə yadda qalıb. Robotlar yavaş hərəkət edib, bir-biri ilə toqquşub və bəzən istiqaməti tamamilə itiriblər. Buna baxmayaraq, təşkilatçılar robotların qəbuletmə və qərarvermə qabiliyyətində nəzərəçarpacaq inkişafın olduğunu bildiriblər.
"Booster Robotics" şirkətinin təsisçisi və baş direktoru Çen Hao bildirib: “İdman yarışları humanoid robotlar üçün əla sınaq meydanıdır. Onlar alqoritmlərin və aparat-proqram sistemlərinin daha sürətli inkişafına töhfə verir”.
O həmçinin robotlarla insanlar arasında qarşılıqlı əlaqənin təhlükəsizliyinə xüsusi önəm verdiyini qeyd edib. Onun fikrincə, gələcəkdə insanlarla robotların birgə iştirak etdiyi futbol matçları təşkil edilə bilər, bu da təhlükəsiz əməkdaşlığın nümayişi baxımından vacib addım olar.