Son illərdə xüsusilə texnologiya və təhsil sahələrində daha çox şirkət “könüllü ixtisar proqramları” təklif edir. Bu yanaşma, işçiləri ixtisar etmədən əvvəl onlara öz istəkləri ilə işdən ayrılmaq imkanı təqdim etməklə daha “empatik” bir model kimi qiymətləndirilir.
Valyuta.az xəbər verir ki, “könüllü ixtisar” proqramları əslində uzun illərdir mövcuddur və ilk dəfə 1980–90-cı illərdə populyarlıq qazanıb. COVID-19 pandemiyası zamanı bu təcrübə yenidən geniş tətbiq olunmağa başlayıb.
Bu proqramlar çərçivəsində işçilərə bir neçə aylıq əlavə maaş, səhiyyə təminatı və karyera məsləhətçiliyi kimi bonuslar təklif olunur. Əsas məqsəd məcburi ixtisarlardan yayınmaq, yaşı və təcrübəsi daha çox olan yüksək maaşlı işçiləri könüllü şəkildə işdən ayrılmağa təşviq etməkdir.
HR məsləhətçisi Kristofer Nikson (Christopher Nickson) bildirir ki, bu cür proqramlar adətən şirkətlərin daha az maaşla işləyəcək yeni işçiləri işə cəlb etməsinə imkan yaradır: “Təcrübəli işçinin maaşı illər ərzində artdığı üçün şirkətlər bu xərci azaltmaq üçün alternativ axtarırlar”.
Duke Universitetinin nümunəsi
2024-cü ilin aprelində Duke Universiteti təxminən 350 milyon dollarlıq qənaət məqsədilə könüllü ixtisar proqramı tətbiq etdiyini açıqlayıb. Proqram çərçivəsində işçilərə hər xidmət ili üçün maksimum 26 həftəlik əmək haqqı təklif edilib.
Lakin bu qərar universitet cəmiyyətində narazılıqla qarşılanıb. Təqdim olunan məktubda deyilir ki, yüksək maaş alan universitet rəhbərləri könüllü olaraq imtina etsəydi, bu cür kütləvi ixtisarlara ehtiyac qalmazdı.
İşçilər üçün hansı məqamlar nəzərə alınmalıdır?
Karyera məşqçiləri və HR mütəxəssisləri bildirirlər ki, könüllü ixtisar təklifini qəbul edib-etməmək qərarı şəxsi və peşəkar vəziyyətə bağlıdır:
İxtisar riski yüksəkdirsə, təklifi qəbul etmək daha sərfəli ola bilər. Çünki könüllü paketlər adətən məcburi ixtisardan daha cazibədar olur.
Karyera mərhələnizi nəzərdən keçirin. Əgər pensiyaya yaxınsınızsa və maddi baxımdan rahatsınızsa, bu fürsət sizin üçün ideal ola bilər. Amma gənc və yeni təcrübə qazanmaqda olan bir işçi üçün bu riskli qərar ola bilər.
Hüquq və maliyyə məsləhətçiləri ilə məsləhətləşin. Təklifin tam detalları ilə tanış olmaq vacibdir. Əksər hallarda könüllü ixtisarı qəbul edənlər işsizlik ödənişinə də müraciət edə bilirlər.
Karyera məşqçisi Brayan Krili (Bryan Creely) qeyd edir: “Əgər sizin mövqeyiniz gələcəkdə ixtisara düşə bilərsə, könüllü seçim daha sərfəli ola bilər. Bu paketlər ixtisarın qaçınılmaz olduğu hallarda daha yaxşı şərtlərlə ayrılmaq imkanı təqdim edir.”
HR eksperti Mikah Alpern (Micah Alpern) isə deyir ki, könüllü ixtisarlar həm təşkilat, həm də işçi üçün iki tərəfli qazanc ola bilər: “Pensiyaya yaxın bir işçiyə bir illik maaş müqabilində ayrılmaq təklif olunursa, bu onun üçün əla fürsətdir.”
Mütəxəssislər bildirirlər ki, bu cür proqramlar yaxın illərdə daha da geniş yayılacaq. Çünki son illərdə ixtisar dövrlərinin sayı və müddəti artıb və bu proses artıq şirkət mədəniyyətinin bir parçasına çevrilməkdədir.
Sərvanə Rəmixanova