BAKI, 30 iyun. TELEQRAF.
Vaşinqton hücumdan iki saat əvvəl Tehrana İranın nüvə obyektlərinə zərbə endirmək niyyəti barədə xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor deyib.
O, X sosial şəbəkəsindəki səhifəsində yazıb: "Aydınlaşdırmaq istərdim. ABŞ İrana onların nüvə obyektlərinə zərbələr endirməzdən iki saat əvvəl hücumun baş verəcəyi barədə xəbərdarlıq edib".
İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb. İslam Respublikası əks-hücuma keçib. Münaqişənin kəskinləşməsindən 9 gün sonra ABŞ Amerika hərbi qüvvələri İranın üç nüvə obyektinə hücum edib. İyunun 23-də isə Tehran Amerikanın Yaxın Şərqdəki ən böyük aviabazasına, Qətərdəki Əl Udeyd aviabazasına raket zərbəsi endirib. Tramp daha sonra İsrail və İranın tam atəşkəsə razılaşdığını açıqlayıb. Atəşkəs iyunun 24-də qüvvəyə minib.