Rusiyada hazırda qeyri-slavyan xalqlara -xüsusilə azərbaycanlılara, Orta Asiya respublikalarının nümayəndələrinə qarşı sistemli diskriminasiya, şovinist və islamofob siyasət hökm sürür. Bu siyasətin arxasında bilavasitə prezident Vladimir Putin və Rusiya rəhbərliyi dayanır.
Rusiya tarixən imperiya maraqları naminə digər xalqları assimilyasiya və zorakılıqla susdurmağa çalışıb. Putin dövründə bu ənənə daha qəddar formada davam etdirilir. Ukraynaya qarşı aparılan dağıdıcı müharibə, Buça kimi şəhərlərdə baş verən vəhşiliklər göstərir ki, Rusiya öz xalqına yaxın olan millətə belə rəhm etmirsə, digər xalqlara qarşı daha amansız davranması gözləniləndir.
SSRİ-nin süqutundan sonra Rusiyada millətçi və islamofob meyllər daha da güclənib. Hüquq-mühafizə orqanları etnik azlıqlara qarşı zorakılığı legitimləşdirir, “etnocinayətkarlıq” anlayışı ilə qeyri-rus xalqları avtomatik şübhəli kimi təqdim etməyə çalışırlar. Pravoslav kilsəsi isə bu ideologiyanı dini çalarlarla əsaslandırır.
Yekaterinburqda azərbaycanlılara qarşı baş verən son hadisələr, OMON-un qəddarlığı bu siyasətin praktiki təzahürüdür. Stalin dövründə belə zorakılığın formal çərçivəsi var idisə, bu gün Rusiya küçədə və evlərdə insanları güllələməkdən çəkinmir.
Azərbaycan da bu siyasətin hədəfindədir: 20 Yanvar, Xocalı, torpaq işğalları, təyyarə insidenti, kiberhücumlar və diplomatik təzyiqlər – hamısı Rusiyanın neoimperial və hegemon maraqlarının tərkib hissəsidir.
Politoloq Fuad Abbasov Sherg.az-a deyib ki, son günlərdə Rusiyanın müxtəlif şəhərlərində, xüsusilə də azərbaycanlılara və digər qeyri-rus millətlərə qarşı baş verən hadisələr bu ölkənin milli siyasətinin mahiyyətini açıq şəkildə nümayiş etdirir:
"Mən 1990-cı illərdə Rusiyada yaşadığım dövrdə "skinhed" adlanan qrupların – saçı daz qırxılmış radikal gənclərin – digər millətlərə, xüsusilə də azərbaycanlılara qarşı zorakılıqlar törətdiyinin şahidi olmuşam. Bu hadisələr çox zaman ölümlə nəticələnirdi və ya insanlar şikəst qalırdı. Lakin hüquq-mühafizə orqanları ya bu cinayətlərə göz yumur, heç bir tədbir görmürdü. Bu gün isə həmin şovinist yanaşma dövlət səviyyəsinə keçib. İndi hüquq-mühafizə orqanları, xüsusilə də OMON, FTX və polis qüvvələri birbaşa etnik azlıqlara qarşı fəaliyyət göstərir. Elə bil ki, dövlət bu qurumlara milli azlıqlara qarşı təzyiq göstərmək üçün gizli göstəriş verib. Prezident Putin öz çıxışlarında Rusiyada milli siyasətə xüsusi önəm verildiyini desə də, real mənzərə tam əksini göstərir. Putin bəzən özünü tatar, çeçen, inquş kökənli biri kimi təqdim edərək çoxmillətlilik görüntüsü yaradır. Lakin gerçəkdə bu görüntü sadəcə siyasi məqsədlərə xidmət edir.
Rusiya-Ukrayna müharibəsində ruslardan çox qeyri-rus millətlərdən olan şəxslər cəbhəyə göndərilir. Bu isə həmin xalqlar üzərində daha sərt nəzarət və təzyiq sisteminin qurulmasını zəruri edir".
Politoloq əlavə edib ki, Azərbaycanlıların Rusiyada sosial fəallıq göstərməsi, öz hüquqlarını tələb etməsi isə dövlət tərəfindən "təhlükəli meyl" kimi qiymətləndirilir:
"Rusiyanın buna verdiyi cavab isə zorakılıq və təzyiqlə müşayiət olunur. Azərbaycana qarşı bu münasibətin siyasi fonunda isə prezident İlham Əliyev 9 May Qələbə Paradına qatılmaması ilə sanki həm Putinə, həm də Rusiyaya bir şillə vurmuş oldu. Azərbaycanın bu cəsarətli mövqeyi Rusiyanın xoşuna gəlmədi və nəticə etibarilə, Rusiyada yaşayan azərbaycanlılara qarşı münasibət daha da sərtləşdi. Bu, təkcə dövlət siyasətinin deyil, həm də milli qisasçılığın ifadəsi kimi görünür.
Təəssüf ki, Rusiyada yaşayan azərbaycanlılar olaraq biz bu zorakılıqlara lazımi qədər güclü ictimai reaksiya verə bilmirik. Əgər 3 milyonluq icma olaraq bir nəfərə qarşı haqsızlıq baş verdikdə birlik göstərə bilsəydik, bu gün vəziyyət fərqli olardı. Təəssüf ki, 2019-cu ildən sonra diaspor fəaliyyətimiz zəiflədildi və FTX-nin nəzarətində olan formal strukturlarla əvəz olundu. Nəticədə, Rusiyada azərbaycanlılara qarşı baş verən qeyri-insani davranışlara icma olaraq adekvat reaksiya vermək imkanlarımız məhdudlaşıb. Son hadisələrdə iyirmi il əvvəl baş vermiş cinayət işi bəhanə edilərək 30-dan çox azərbaycanlı saxlanılıb. Bu da göstərir ki, hüquqi əsas olmadan belə, sadəcə etnik mənsubiyyətə görə insanlar təqib olunur".
Fuad Abbasov qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya tərəfinə nota təqdim edib və azərbaycanlılara qarşı törədilən cinayətlərin araşdırılmasını, günahkarların cəzalandırılmasını tələb edir:
"Bu, dövlət səviyyəsində doğru və zəruri bir addımdır. Həmin ota bəlkə də konkret nəticə verməyəcək. Amma Azərbaycan vətəndaşlarına verilən rəsmi dəstək çox önəmlidir.
Lakin əminəm ki, bu cür hadisələr sadəcə başlanğıcdır. Əgər Rusiya azərbaycanlı icmasından ciddi reaksiya görməsə, bu zorakılıqlar davam edəcək. Yalnız həmrəy və ayıq bir icma, diaspora olarsa, bu təhlükəli tendensiyaya qarşı dayana bilər".