BAKI, 27 iyun. TELEQRAF
Bakıda və Abşeronda silsilə oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, Abşeron rayonunda silsilə oğurluq hadisələri qeydə alınıb. Rayon ərazisində yerləşən 4 evdən ümumilikdə 8900 manat pul, 3500 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 34 yaşlı Ş.Abdullayev və 20 yaşlı Ç.Abdullayev müəyyən olunaraq saxlanılıblar.
Bundan başqa, Qaradağ rayonunda da analoji hadisə baş verib. İki evdən ümumilikdə 2425 manat, 920 dollar pul vəsaiti və 2655 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 42 yaşlı M.Mahmudov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Daha bir oğurluq hadisəsinin üstünün isə Yasamal polisi açıb. Yasamal rayonunda yerləşən restoranların birindən 5580 manat dəyərində kompüter, 2 ədəd monitor və məişət əşyaları oğurlanıb.
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 54 yaşlı E.Mikayılov müəyyən olunaraq saxlanılıb.
Nərimanov rayonunda isə paytaxt sakininə məxsus 1000 manat dəyərində skuteri oğurlamaqda şübhəli bilinən 22 yaşlı F.İsmayılov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar aparılır.