AZ

İsrailin İran planı "Bir məqsədə tam nail olundu" Açıqlama

ain.az bildirir, Bakupost portalına istinadən.

Xəbər verdiyimiz kimi, İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi İranla atəşkəsin əldə olunması ilə bağlı bəyanat yayıb. Bildirilir ki, əməliyyatın məqsədlərinə nail olunduqdan sonra ABŞ Prezidenti Donald Trampla tam koordinasiya əsasında İranla ikitərəfli atəşkəsə razılıq verilib.

“İsrail atəşkəsin istənilən pozulmasına güclə cavab verəcək”, - bəyanatda vurğulanıb.

Qeyd edək ki, İsrailin başladığı əməliyyatın əsas hədəfi İranın nüvə proqramını sıradan çıxarmaq idi. İki həftəyə yaxın davam edən hərbi əməliyyatlar nəticəsində İsrail qarşıya qoyduğu məqsədə çata bildimi? İranın nüvə proqramının gələcək taleyi necə olacaq?

Mövzu ilə bağlı Bakupost.az -a açıqlamasında siyasi ekspert Zaur İbrahimli bildirib ki, İsrail İranın nüvə proqramını sıradan çıxarmaq məqsədinə əsasən, nail olub:

“Hələlik nüvə proqramının ən vacib komponenti olan Fordo zavodunun hansı səviyyədə zərər gördüyü bəlli deyil. Lakin intensiv bombardımanlardan sonra mütəxəssislər qeyd edirlər ki, həssas avadanlığı olan zavodu əvvəlki səviyyəsinə qaytarmaq faktiki olaraq sıfırdan başlamaq deməkdir. Eyni zamanda, zavodla əlaqəli bütün yerüstü infrastruktur da sıradan çıxarılıb. Nüvə proqramının digər obyektləri də güclü şəkildə bombalanıb. Bütün bunlardan sonra İranın nüvə proqramını yenidən bərpa etməsi çox çətin olacaq. Hətta mümkünsüz görünür. Bu baxımdan, prinsip etibarilə İsrail əsas məqsədinə çatıb. Bu məqsədi belə müəyyən etmək olar - İranın nüvə silahı əldə etməsinə imkan yaradan potensialı sıradan çıxarmaq. Bu potensialın böyük hissəsi artıq darmadağın edilib”.

Ekspertin sözlərinə görə, Təl-Əvivin qəfil hücumlar və kəşfiyyat-diversiya əməliyyatları ilə İranın həm hərbi potensialını, həm raket proqramını, həm də nüvə infrastrukturunu zəiflətmək strategiyası ümumilikdə uğurla həyata keçirilib:

“Lakin hələlik tərəflər arasında atəşkəsin əldə olunması ilə bağlı qəti razılaşma yoxdur və əgər İran danışıqlar prosesində nüvə silahı əldə etməməklə bağlı güclü zəmanətlər verən öhdəliklər götürməzsə, İsrailin hərbi müdaxiləsi davam edəcək”.

Ekspertin fikrincə, İran yaxın zamanda nə hava hücumundan müdafiə sistemlərini, nə də hərbi aviasiyasını bərpa edə biləcək:

“İran İsrail üçün yenidən açıq hədəf olaraq hələ bir müddət qalmaqda davam edəcək və bu imkandan yararlanaraq ABŞ və İsrail, İranın bir daha nüvə silahı əldə etməklə bağlı fəaliyyətlər göstərməyəcəyinə dair zəmanətlər almağa çalışacaqlar. Güman etmək olar ki, onlar İrana o vaxta qədər təzyiq göstərəcəklər ki, İran bu şərtləri qəbul etsin. İranın isə müqavimət göstərmək imkanları gündən-günə azalır. Rəsmi Tehranın ona real dəstək verəcək ciddi müttəfiqi də yoxdur. Yaxud da İranın müttəfiq hesab etdiyi ölkələr bu proseslərdən sonra ən azı yaxın perspektivdə İrana real dəstək verməkdən çəkinəcəklər. Bu baxımdan güman ki, İran Moskva və Pekinin diplomatik dəstəyini alaraq danışıqlar prosesində minimum da olsa, özü üçün güzəştlər əldə etməyə çalışacaq.”

Zaur İbrahimli qeyd edib ki, İsrailin digər strateji məqsədi İranda hakimiyyət dəyişikliyinə nail olmaq və “İsraili bir dövlət kimi məhv etmək” doktrinasının tərəfdarlarını iqtidardan uzaqlaşdırmaq idi:

“Bu hədəf indiki mərhələdə reallaşmadı. Lakin İsrail və ABŞ, güman ki, bu istiqamətdə pərdəarxası fəaliyyəti davam etdirəcəklər. Hesab edirəm ki, İran yaxın vaxtlarda kapitulyasiyaya bərabər öhdəliklər götürməsə, ona qarşı hərbi əməliyyatlar yenidən davam edə bilər”.

Lalə Novruz,

BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
50
www.bakupost.az

10Mənbələr