AZ

Natiq Cəfərli: “İran Yaxın Şərqin ən güclü oyunçusu kimi hədəfdədir"

“Əməliyyat Trampın yox, sistemin qərarıdır"
 
 
 "Donald Tramp ən təhlükəli rejimi ən təhlükəli silahından məhrum etdi". Bunu İsrail Baş naziri Benyamin Netanyahu ABŞ-nin İranın nüvə obyektlərinə zərbəsi ilə bağlı deyib. Netanyahu Trampın addımlarını cəsur və tarixi adlandırıb: “Amerika heç bir ölkənin etmədiyini etdi. Tarix yazacaq ki, Prezident Tramp dünyanın ən təhlükəli rejimini ən təhlükəli silahlarından məhrum etmək üçün hərəkət etdi”. Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri İranın nüvə obyektlərinə zərbələr endirib.
 
SEPAH ABŞ-yə meydan oxudu: Cavab zərbəsi gözləyin!
 
İran İslam İnqilabı Keşikçiləri Korpusunun dövlət televiziyası ilə yayımlanan bəyanatında bildirilib ki, ABŞ nüvə obyektlərinə endirdiyi zərbələrə görə ağrılı cavab alacaq. SEPAH həmçinin İsrailə cavab zərbələrinin davam edəcəyini açıqlayıb.
 
Sara Netanyahudan İran xalqına: Mübarizəmiz sizinlə deyil!
 
İsrailin Baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu İran xalqına çağırış edib. O, bu barədə özünün sosial media hesabında paylaşım edib.
Paylaşımda qeyd olunub: "Həyat yoldaşım, Baş nazir Netanyahunun tez-tez dediyi kimi: Siz, İran xalqı, möhtəşəm bir mədəniyyətin varislərisiniz – istedadlı və nailiyyətli bir millət, zəngin tarixə maliksiniz. Biz sizin düşməniniz deyilik. Bizim mübarizəmiz sizi əsarət altında saxlayan zalım rejimlədir, sizinlə yox. Biz xalqlarımız arasında sülhə, azadlığa və dostluğa əsaslanan gələcəyə inanırıq".
 
İran Starmerə cavab verdi: Dağıtdığımız yerə necə qayıdaq?
 
İran İsrail və ABŞ-nin dağıtdığı danışıqlar masasına necə qayıda bilər?
İranın xarici işlər naziri Abbas Araqçi ABŞ-nin danışıqlar masasını pozduğunu deyib. XİN başçısı bildirib ki, ötən həftə ABŞ ilə danışıqlar apararkən İsrail diplomatiyanı məhv etmək qərarına gəldi: "Bu həftə biz Avropa üçlüyü (E3) və AB ilə danışanda ABŞ bu diplomatiyanı məhv etdi. Bu vəziyyətdən hansı nəticəyə gəlmək olar? Britaniya və AB-nin xarici siyasət rəhbərinin nöqteyi-nəzərindən İran danışıqlar masasına qayıtmalıdır. Bəs İran heç vaxt tərk etmədiyi və dağıdılan bir yerə necə qayıda bilər?". Qeyd edək ki, Britaniya Baş naziri Keyr Starmer İranı danışıqlar masasına qayıtmağa və bu böhrana son qoymaq üçün diplomatik həll yolu tapmağa çağırıb.
 
"Tehran nüvə proqramını inkişaf etdirəcək" - Kamalvəndi
 
İranın Atom Enerjisi Təşkilatının (İAET) nümayəndəsi Bəhruz Kamalvəndi deyib ki, İran nüvə proqramını inkişaf etdirməyə davam etmək niyyətindədir: “Əvvəllər belə hallar olub ki, əlimizdə olan imkan və potensiala görə zədələri dərhal aradan qaldırmışıq. Təbii ki, bu sənaye bundan sonra da inkişaf etməlidir və onun inkişafı dayanmayacaq”. Təşkilat nümayəndəsi vurğulayıb ki, ölkənin nüvə sənayesini tamamilə məhv etmək mümkün deyil: “Onlar (ABŞ və İsrail – red.) anlamalıdırlar ki, nüvə sənayesi ölkəmizdə dərin kök salıb və bu milli sənayenin kökünü qoparmaq mümkün deyil”.
 
"İranın nüvə proqramı məhv edilməyib" - Hersoq
 
İsrail Prezidenti İshaq Hersoq deyib ki, ABŞ və İsrailin zərbələrindən sonra İranın nüvə proqramı məhv edilməyib: “Onun məhv olduğunu deyə bilmərəm, amma deyə bilərəm ki, həm İsrailin hücumları, həm də ABŞ-nin hücumu nəticəsində çox ağır zərbə alıb”.
 
Tramp zərbədən öncə hər kəsi belə aldadıb...
 
Prezident Donald Trampın ABŞ-nin Tehranın nüvə proqramı ətrafında yaranmış böhranı diplomatik yollarla həll etməyə çalışması üçün İrana maksimum iki həftə vaxt verməyə hazır olduğu barədə bəyanatları planlaşdırılan dezinformasiya kampaniyasının bir hissəsi idi. Bu barədə “Vaşinqton Post” öz mənbələrinə istinadən yazıb. Bildirilib ki, ictimaiyyət Amerika liderinin sözlərini diplomatik səylər üçün fasilə kimi qəbul etsə də, əslində bu, İranın nüvə obyektlərinə zərbəyə hazırlığı ört-basdır etmək üçün nəzərdə tutulmuş diversion manevr idi. Eyni zamanda, Ağ Evdə və Pentaqonda yalnız bir neçə nəfər əməliyyatla bağlı real işdən xəbərdar idi və bir çox yüksək rütbəli əməkdaş sona qədər xəbərsiz qaldılar. Əməliyyat başlamazdan əvvəl Vaşinqton administrasiyasının rəhbəri həm İrana hücumun tərəfdarları, həm də bu ideyanın əleyhdarları ilə məsləhətləşib.
 
"ABŞ İsraili dayandırmaq əvəzinə..." - Altun
 
Türkiyə Prezident Administrasiyanın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fəxrəddin Altun deyib ki, ABŞ-nin İranın nüvə obyektlərinə hava zərbələri və İsrailin İrana hücumu Yaxın Şərqdə sülh və sabitliyə deyil, xaosa gətirib çıxaracaq yeni bir addımdır: "ABŞ-nin İraq və Əfqanıstana hərbi müdaxiləsi ilə başlayan proses dünyada daha çox radikallaşma və terrorizmə səbəb olduğu kimi, İrana hücumunun da oxşar nəticələr verəcəyi ehtimalı var". F.Altun əlavə edib ki, ABŞ İsraili dayandırmaq əvəzinə, onun addımlarına dəstək versə, dünyada sülhün təmin olunması daha da çətinləşəcək: "Biz beynəlxalq ictimaiyyəti məqbul variant ətrafında birləşməyə, regional və qlobal problemlərin həlli üçün diplomatiyaya üstünlük verməyə çağırırıq. Türkiyə olaraq, cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında regionda və dünyada sabitliyi qoruyan, Şərqlə Qərb arasında harmoniyaya təşviq edən siyasi yanaşmamızı davam etdirəcəyik".
 
"ABŞ qərar verən yox, İsrailin iradəsini yerinə yetirəndir"
 
 Cenevrə Beynəlxalq Sülh Problemlərinin Tədqiqi İnstitutunun katibi İşem Lemisi deyib ki, ABŞ-nin İrana endirdiyi zərbələr Vaşinqtonun qlobal arenada lider rolunu oynamadığını, sadəcə, İsrailin iradəsini yerinə yetirdiyini göstərir: “Bu zərbə nə ABŞ-nin, nə də Qərbin həyati maraqlarının müdafiəsinə yönəlib. Hücum daha çox İsrailin radikal sağçı və dini motivli siyasi dairələrinin düşüncə tərzinə uyğun gəlir. Bu, Vaşinqtonun artıq qərar verən deyil, İsrail rəhbərliyinin iradəsini yerinə yetirən tərəf olduğunu göstərir”.
 
"İrandan 3 tələb: nüvə, raket və..." - Markov
 
Rusiyalı politoloq Sergey Markov deyib ki, ABŞ müharibəyə girdi, hələlik bir zərbə ilə: "Bundan sonra da eskalasiyanın olub-olmayacağı bilinmir. Rusiya və Çin ABŞ-ni sözdə sərt şəkildə qınayıb, amma hələ heç nə etməyib. Avropa İsrail və ABŞ-ni dəstəklədi, eyni zamanda da hücumları dayandırmağa çağırdı. Avropa İrana üç əsas hərbi məhdudiyyətlə razılaşmağı təklif edir: Nüvə yanacağı istehsalının, raket istehsalının olmaması və husilər, Hizbullah, eləcə də HƏMAS kimi radikal tərəfdarlarına dəstəyin dayandırılması. Zelenski İsrail və ABŞ-ni dəstəkləməyə tələsdi. Ammasız. Ərəb ölkələri İsrail və ABŞ-nin İrana zərbələrini pisləyib, ancaq Rusiya və Çindən daha yumşaq formada. Onlar da heç nə etmir. BMT sadəcə olaraq sülh haqqında ümumi sözlər deyir. MAQATE narahatlığını bildirir. Amma əslində o, İrana qarşı casusluqda iştirak edir və bununla da, İsrail və ABŞ-yə nüvə obyektlərinə hücum etməkdə kömək edir".
 
"İranla bağlı əməliyyatın son “akkordlarını” izləyirik..."
 
Politoloq Natiq Cəfərli deyib ki, İrana qarşı əməliyyatlar Trampa görə başlamadı, amma Trampla yekunlaşmaq üzrədir: 

"İran çoxdan hədəfdə idi, çünki məhz Qərbin düşüncəsiz, məntiqsiz, absurd siyasətinə görə bölgədə həddən artıq güclənmişdi. ABŞ-nin, Qərbin İraq və Suriya müdaxiləsindən, Yəmənlə bağlı prosesləri səssizcə izləməsindən son 20 ildə ən çox udan ölkə elə İran idi. İran, Səddamın zamanında İraqda heç nə edə bilmirdi. Səddamı devirdilər, İran qonşu ölkədə, 8 il müharibə aparıb heç bir uğur əldə edə bilmədiyi İraqda əsas söz sahiblərindən birinə, oyun qurucuya, siyasi və hərbi gücə çevrildi. ABŞ və Qərbin İraqa qanunsuz və məntiqsiz müdaxiləsi yüzminlərlə günahsız insanın ölümünə səbəb olmaqla yanaşı, İranı həmin ölkədə siyasi proseslərdə moderator roluna qədər yüksəltdi. İraqda hökumət formalaşmasında İran ciddi rol aldı, İraq ərazisində silahlı qüvvələrini yaradıb özünə tabe etdirdi. Sonra Qərbin düşüncəsiz Suriya əməliyyatı başladı, yenə yüzminlərlə günahsız insanlar öldü, nəticədə Əsəd rejimi Rusiya və İrana görə ayaqda qaldı, hətta gücləndi, İran Suriyada əsas oyunçuya çevrildi. Yəmən iki yerə parçalandı, “husilər” nəzarətində olan Yəmənin bir hissəsi, faktiki olaraq Tehrandan idarə edilməyə başlandı. Bir sözlə, ABŞ və Qərbin Yaxın Şərqdə plansız, məntiqsiz, beynəlxalq cinayətlərlə dolu “məcarası” İranı tarixində olmadığı qədər güclü mövqeyə gətirdi. Əslində, İran elə ABŞ, Qərb kimi davranırdı, amma Qərbin “ayaqqabısını” geyinsə də, “yerişini yeriyə” bilmədi. İrana qarşı geniş əməliyyata Bayden dönəmində qərar verildi ki, bu “ahtapotun” ayaqları kəsilsin. İndi də Trampdan əvvəl düşünülmüş, Trampdan əvvəl həyata keçirilməyə başlanılmış, Trampı da aşan güclər tərəfindən qərar verilmiş əməliyyatın son “akkordlarını” izləyirik".
Seçilən
0
1
sherg.az

2Mənbələr