Abutalıb Səmədov: "ABŞ-ın 13,6 ton ağırlığa malik, yarım milyard dollar dəyəri olan bunker əleyhinə bombaları yerin 61 metr dərinliyinə qədər təsir göstərir və 19 metr qalınlığı olan betonu dağıtmaq gücünə malikdir"
İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin bəyanatında deyilir ki, İran İslam Respublikasında bir sıra nüvə obyektlərinə endirilən zərbələrdən sonra nüvə sənayesinin inkişafını dayandırmaq niyyətində deyil, beynəlxalq ictimaiyyətin bu zərbələri pisləyəcəyini gözləyir.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Amerika ordusunun İranın Natanz, Fordo və İsfahandakı üç nüvə obyektinə qarşı uğurlu əməliyyat keçirdiyini açıqlamışdı. Prezident bəyan edib ki, ABŞ-ın zərbələrindən sonra Tehran “bu müharibəyə son qoymağa” razılıq verməlidir. Fars agentliyi İran rəsmilərinə istinadən xəbər verir ki, İranın İsfahan və Fordo şəhərlərindəki nüvə obyektləri hava hücumlarına məruz qalıb. İranın qərarlarının siyasi məqsədəuyğunluğunu müəyyən edən Şuranın üzvü Möhsün Rezai daha əvvəl bəyan etmişdi ki, İran bütün “zənginləşdirilmiş nüvə materiallarını” təhlükəsiz yerə köçürüb.
İran nüvə materiallarını ölkə daxilində, yoxsa xarici ölkələrdən birinin ərazisində gizlədə bilər? Həmin uran materilallarının məhv edilməsi üçün ABŞ bunker əleyhinə bombaları ilə zərbə endirməyə davam edəcəkmi?
Baki-xeber.com-un sualına cavabında politoloq Abutalıb Səmədov bildirdi ki,ABŞ prezidenti Donald Tramp aprel ayında İrana plan təqdim etdi, buna bəzən ultumatum da deyirlər və 60 gün müddətinə bu planı qəbul etməyə çağırdı: "Planın mahiyyəti ondan ibarət idi ki, İran nüvə silahına malik ola bilməz. İran dünyanı belə bir planın olmadığına inandırmaq üçün müəyyən şərtlər qəbul etməli idi. Şərtlər isə ondan ibarət idi ki, İran ərazisində uran zənginləşdirən müəssisə olmamalıdır. İran dinc məqsədlərlə urandan istifadə edə bilər. Amma onu kənardan almalıdır, ölkə daxilində uran zənginləşdirilməməlidir. Şərtə görə, İran lazım olan səviyyədə zəngin uranı Rusiyadan və ya başqa bir dövlətdən ala bilər, ya da regionda konsorsium əsasında ərəb dövlətləri iləbirlikdə bir müəssisə yaradıb orada uranı zənginləşdirib ortaq şəkildə istifadə edə bilərlər. Həmin konsorsiuma həm Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA), həm də ABŞ qoşula bilər. Nəyə görə bu tələblər irəli sürülüb? Məlumdur ki, İran AES-lərdə 3,67% zənginləşdirilmiş urandan istifadə edir və bunu ölkə daxilində zənginləşdirir. Eyni zamanda, müəyyən dərman preparatlarının istehsalı üçün də 20% zənginləşdirilmiş urandan istifadə edir. İran onu da ölkə daxilində zənginləşdirir. Ancaq AEBA-nın müəyyən etdiyinə görə, İranda 408 kq 60% zənginləşdirilmiş uran var. Sual yaranır ki, bu qədər uran nə üçün zənginləşdirilib. Məlumdur ku, nüvə silahı üçün 90% zənginləşdirilmiş urana ehtiyac var. Bütün bunlar İranın nüvə silahı istehsal etmək arzusunun olduğuna ciddi şübhələr yaradır.
İran təklif edilən planı qəbul etsəydi, bütün bunlar baş verməzdi. Hər dəfə İranın rəsmi şəxsləri dönə-dönə deyirlər ki, bizim dinc məqsədlər üçün urandan istifadə etmək haqqımız var. Bunu heç kim İrana qadağan etmir, ancaq İranda artıq 60% zənginləşdirilmiş uran var. Hətta qeyri-rəsmi məlumatlara görə, İranda 80% zənginləşdirilmiş uran da var. Bütün bunlar ciddi şübhələr yaradır.
60 günlük müddət bitdikdən sonra - iyunun 13-də İsrail ABŞ-ın xeyir-duası ilə İranın nüvə obyektlərinə zərbələr endirməyə başladı. İranda uranı zənginləşdirən iki nüvə obyekti var - Natanz və Fordo şəhərlərində. Birincisi İsfahan, ikincisi isə Qum şəhəri yaxınlığında yerləşir. Hər ikisi dağlıq ərazidə yerləşir, ancaq Fordodakı nüvə zənginləşdirən zavod qayaların altında yerləşir və onu vurmaq son dərəcə çətindir. İsrail bunu vura bilmədi. Çünki onun yerin dərin qatlarına nüfuz edəcək bombaları yoxdur. Belə bömbalar yalnız ABŞ-da var. Lakin Natanz şəhərində yerləşən nüvə obyekti ciddi zərər gördü. Eyni zamanda, İranın raket sənayesinə - ballistik raket istehsal edən zavodlarına və anbarlarına zərbələr endirildi.
Təbii ki, məqsədlərə tam nail olunmadı, İran danışıqlara yenidən çağırıldı. Avropa üçlüyü ilə Cenevrədə danışıqlar keçirildi, amma danışıqlar nəticəsiz bitdi. İran uranı ölkə daxilində zənginləşdirmək planından imtina etmədi. Bundan sonra prezident Tramp İrana zərbələr endirmək barədə göstəriş verdi və bu zərbələr endirildi. Zərbələri ABŞ-ın "Northrop Grumman B-2 Spirit" bombardmançı təyarələri endirdi. Bu təyyarələrin qiyməti 2 milyard dollardan çoxdur. Bu təyyarələr radarlara yaxalanmır. Eyni zamanda, "Northrop Grumman B-2 Spirit" təyyarəsi iki 13-14 tonluq bomba daşıya bilir.
ABŞ-ın İrana atdığı 13,6 ton ağırlığa malik, yarım milyard dollar dəyəri olan bunker əleyhinə bombaları yerin 61 metr dərinliyinə qədər təsir göstərir və 19 metr qalınlığı olan betonu dağıtmaq gücünə malikdir.
Fordoda yerləsən uran zənginləşdirən zavoda 6 bu cür bömba atılıb. Eyni zamanda Natanz və İsfahanda yerləşən müəssisələrə gəmilərdən qanadlı raketlərlə 30 zərbə endirildi. İranın nüvə obyektlərinə çox ciddi zərər vuruldu.
İndi İran rəsmiləri elan edirlər ki, zərbələrdən əvvəl həm Natanzda, həm Fordoda yerləşən müəssisələrdə olanlar təxliyə edilmişdi. ABŞ-ın məqsədi zənginləşdirilmiş uranı məhv etmək deyildi. Əksinə, təklif edilirdi ki, zənginləsdirilmiş uran Rusiyada saxlanılsın, əvəzində İrana dinc məqsədlər üçün zənginləşdirilmiş uran verilsin. Əgər zənginləşdirilmiş uran ölkədən çıxarılibsa, elə Amerikanin tələbi də budur. Zərbələr zavodları məhv etmək üçün endirilib ki, İran uranı 90% zənginləşdirə bilməsin.
Yenə İran reallıqları qəbul etmək istəmir. İrana təklif edilənlər bütün dünyanın qəbul etdiyi plandır. Baxmayaraq ki, İrana endirilən zərbələri etirazla qarşılayan kifayət qədər dövlət var. Lakin İranın planı qəbul etməməsinə dəstək verən bir ölkə belə yoxdur. Hətta Rusiya və Çin də İranın bu mövqeyini dəstəkləmir. İranın bu qədər israr etməsi, ABŞ-ı hərbi bazalarına zərbələr endirməklə hədələməsi ona gətirib çıxaracaq ki, Tehran hakimiyyəti daha böyuk ziyan çəkəcək, daha çox əhali həlak olacaq, şəhərlər dağılacaq, zavod-fabrilklər sıradan çıxacaq və s. Amma çox təəssüf ki, İran indiki şəraitdə qətiyyən məqsədəuyğun olmayan "qürur" nümayiş etdirir və reallıqlarla hesablaşmaq istəmir. Ona görə də yəqin ki, zərbələr davam etdiriləcək. İran yeni sanksiyalara məruz qalacaq, ona ağır iqtisadi zərbələr dəyəcək, hərbi qüdrəti sarsıdılacaq, raket sənayesi məhv ediləcək. Yeri gəlmişkən bu, xeyli dövlətin maraqlarına uyğun bir nəticədir. İranın ətrafda hədələmədiyi dövlət qalmayib. Ancaq İran dövlətinin rəsmiləri bu barədə düşünməlidirlər, nüvə proqramı ilə bağlı təklif edilən planı qəbul etməlidir. Ölkə xaricindəkonsorsium yaratmaq və nüvədən dinc məqsədlərlə bu üsulla istifadə etmək təklifi ilə razılaşmalıdır. Bu müəyyən qədər həm İranın hərbi gücünu xilas etməyə imkan verər, həm iqtusadiyyatına dəyəcək böyük ziyandan yayındırar, həm də İrana yeni sanksiyaların tətbiq edilməsinin qarşısını alardı. Lakin görünən budur ki, İran bu planı qəbul etməyəcək və qarşıdakı dönəmdə regionda vəziyyət bir qədər də gərginləşəcək. Vəziyyət bir qədər də kəskinləşəcək ki, bu da çox ciddi proseslərə təkan verə bilər. İranın Hörmüz boğazını bağlaması isə neftin qiymətinin fantastik həddəbahalaşmasına gətirib çıxara bilər. Bu da dünya iqtisadiyyatında çox ciddi problemlər yarada bilər".
Akif NƏSİRLİ