AZ

İstanbulda tarixi görüş - Paşinyan Türkiyədən nə ilə qayıdır?

Bu gün, 09:39

Ermənistanın Baş naziri qardaş ölkədə isti qarşılandı, kilsəni və Göy məscidi ziyarət etdi, Ərdoğanı İrəvana dəvət etdi; masadakı kritik məsələlər...
Ermənistan Baş naziri Nikol Paşinyan iyunun 20-də Türkiyəyə işgüzar səfərə gedib. “Yeni Müsavat” bildirir ki, Paşinyanı İstanbul beynəlxalq aeroportunda Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci qarşılayıb.
Paşinyan Türkiyəyə səfərinin ikitərəfli münasibətlərə yeni təkan verəcəyinə ümidvar olduğunu bildirib. O bunu hələ İstanbulda yerli erməni icmasının nümayəndələri ilə görüşü zamanı deyib. Hökumət başçısının sözlərinə görə, səfərin əsasında Türkiyə-Ermənistan dövlətlərarası münasibətləri dayanır və baş verən proses münasibətlərin qurulması üçün hər iki ölkənin maraqlarından irəli gəlir. Türkiyə prezidenti ilə görüşdən əvvəl Nikol Paşinyan İstanbulda yerləşən Müqəddəs Məryəm Ana kilsəsini ziyarət edib və orada şam yandırıb. Həmçinin Göy məscidi ziyarət edib. “Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı Ermənistana dəvət etməyi planlaşdırıram”. Paşinyan erməni icmasının nümayəndələri ilə görüşündə deyib.
O bildirib ki, 2026-cı ildə İrəvanda baş tutacaq Avropa Siyasi Birliyinin sammitində Ərdoğanın da iştirak edəcəyinə ümid edir.
Səfərlə bağlı iyunun 20-də “Joxovurd” erməni nəşrinin yazdıqları da maraqlıdır. Qəzet özünün etibarlı mənbələrinə istinadən bildirir ki, Paşinyan və komanda yoldaşları Türkiyəyə səfərinin məqsədlərini bağlı qapılar arxasında müzakirə ediblər. Qeyd edilir ki, erməni baş nazir İstanbula Ərdoğanla sülh sazişini müzakirə eləmək üçün gedib.
“Əldə etdiyimiz məlumata görə, Baş nazir 2026-cı il seçkilərinədək nəyin bahasına olur-olsun, Azərbaycanla sülh sənədin imzalanmasının zəruri olduğunu vurğulayıb. Siyasi komanda bunu öz hakimiyyətinin qalmasına zəmanət verən strateji addım kimi qiymətləndirir”, - qəzet vurğulayıb.
Nəşr davamında yazıb: “Nikol Paşinyanın bəzi komanda yoldaşları hesab edir ki, beynəlxalq ”oyunçular" - Rusiya, ABŞ və Avropa Birliyi - regionda fiziki varlıqlarına rəğmən, sabitliyi təmin edə bilməyiblər. Görünür, bu səbəbdən o, 2026-cı ildə yenə qalib olmaq üçün sülh sazişinin imzalanmasını sürətləndirmək ümidi ilə Ankara ilə birbaşa təmasa keçmək qərarına gəlib. Qalanları isə sonra..."

 Elxan Şahinoğlu
Analitik Elxan Şahinoğluya görə, Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra Ankara ilə İrəvan arasında dialoq başladı və Paşinyanın Türkiyəyə səfəri iki ölkə arasında artan təmasların davamı kimi qiymətləndirilməlidir: “Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Nikol Paşinyanla görüşdən bir gün əvvəl İlham Əliyevi ölkəsinə dəvət edərək Qəhrəmanmaraşda ”Azərbaycan məhəlləsinin" açılışında birgə iştirak etdi. Fikrimcə, Ərdoğanın əvvəlcə İlham Əliyevlə, bir gün sonra isə Nikol Paşinyanla görüşü təsadüfi tarix kimi seçilməyib. Ərdoğan əvvəlcə İlham Əliyevlə görüşməklə azərbaycanlı həmkarını arxayın etmək istəyib ki, bir gün sonra Nikol Paşinyanla görüşüb müzakirə aparacağına baxmayaraq, Ankaranın Cənubi Qafqaz siyasətində dəyişiklik olmayacaq, yəni Ermənistan əvvəlcə Azərbaycanla sülh sazişi imzalamalıdır ki, Türkiyə ilə sərhədin açılmasına və diplomatik münasibətlərin bərpasına ümid edə bilsin. Buna baxmayaraq, Ərdoğanın açıqlamalarından hiss olunur ki, o, Bakı ilə İrəvan arasında razılaşmanın sürətləndirilməsini istəyir".
Ekspertin fikrincə, çünki bölgədə hadisələr sürətlə inkişaf edir və nə qədər ki, Rusiya və İranın başları müharibələrə qarışıb, Azərbaycanla Ermənistan arasında məsələlərin həlli, o cümlədən Zəngəzur dəhlizinin açılması ümumi işin xeyrinə olardı: “Yəqin Ərdoğan bu fikri də Nikol Paşinyanın diqqətinə çatdıracaq. Digər tərəfdən Nikol Paşinyan daxili siyasətdə ona qarşı olan qüvvələrin birləşməsi ilə üzləşib. Baş naziri çətin aylar gözləyir və belə bir ərəfədə Azərbaycan və Türkiyə ilə açıq qalan məsələləni həlli onun xeyrinə olardı. Əslində, Türkiyə diplomatlarının Ankarada üçlü görüşün keçirilməsi barədə planları olub. Bu dəfə alınmadı. Ancaq Nikol Paşinyan zəruri addımlar atarsa, gələcəkdə Türkiyə, Azərbaycan və Ermənistan liderlərinin birgə görüş keçirməsi istisna deyil. Sülh sazişi imzalanarsa, gələcəkdə başqa üçlü formatlar kimi Türkiyə-Azərbaycan-Ermənistan formatının təsisi də uzaq perspektiv deyil. Niyə də olmasın? Uzun illər Azərbaycan və Ermənistan liderləri ABŞ, Rusiya, Fransa və Avropa İttifaqı liderlərinin vasitəçiliyi ilə görüşlər keçiriblər. Bunların heç birinin müsbət nəticəsi olmadı. Azərbaycan və Türkiyənin də marağındadır ki, Ermənistan Cənubi Qafqazda fərqli maraqları olan güclərin orbitindən uzaqlaşsın. Bunun üçün isə Ermənistan iqtisadi əlaqələr və regional layihələr vasitəsilə Türkiyə və Azərbaycanın təsiri altına düşməlidir”.
P.S. Qəzet çapa gedərkən liderlərin görüşləri olmamışdı, təfərrüatı musavat.com-da oxuya bilərsiniz.

Seçilən
6
6
Reportyor.tv

10Mənbələr