UEFA Konfrans Liqasının təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Sabah”la qarşılaşacaq Sloveniya klubu “Tselye”nin baş məşqçisi Albert Riyera qarşıdakı oyun barədə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, ispan mütəxəssis klubun rəsmi saytına açıqlamasında püşkatmadan dərhal sonra rəqiblə bağlı hazırlıqlara başladığını bildirib: “Püşkdən sonra hər komanda qarşısındakı rəqibi analiz etməyə başlayır. Bizim də kifayət qədər vaxtımız var ki, “Sabah” komandasını ətraflı şəkildə təhlil edək. Onlar Azərbaycan çempionatı və kuboku vasitəsilə Avropa arenasına vəsiqə qazanıblar. Bu isə onların zəif rəqib olmadığını göstərir”.
Riyera əlavə edib ki, “Tselye” Konfrans Liqasında ötən mövsüm qazandığı təcrübəyə güvənərək qarşıdakı oyunlara ciddi yanaşır: “Bu, bizim yeni mövsümdə Avropadakı ilk oyunumuz olacaq. Hazırlıq planlarımızı qurmuşuq və qarşılaşmalara qalib gəlmək əzmi ilə çıxacağıq. Ötən il güclü komandalara qarşı necə mübarizə apardığımızı unutmuruq”.
Qeyd edək ki, UEFA Konfrans Liqasının I təsnifat mərhələsində “Sabah”la “Tselye” arasındakı ilk oyun iyulun 10-da Bakıda, cavab qarşılaşması isə iyulun 17-də Sloveniyada keçiriləcək. Turnirin II mərhələsinin matçları isə iyulun 24-ü və 31-də baş tutacaq.