12 iyun 2025-ci il tarixində görkəmli rəssam Ucal Haqverdiyevin 65 illik yubileyi
münasibətilə “Ucal sənətdə, xatirələrdə, qəlblərdə…” adlı tədbir keçirilib. Rəssamın
xatirəsinə həsr olunmuş gecədə tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət
nümayəndələri iştirak ediblər. Tədbirdə rəssamın həyat və yaradıcılığına həsr olunmuş yeni
kitabın təqdimatı da baş tutub.
Tədbirdə çıxış edən “Azercell Telekom”un Korporativ və Marketinq Ünsiyyət Vasitələri
departamentinin direktoru Sona Abbasova Azercell-in təşəbbüsü və dəstəyi ilə ərsəyə
gəlmiş kitabdan bəhs edərkən, - “Ucal Haqverdiyev kimi dahi sənətkarlarımızın irsini
tanıtmaq və gələcək nəsillərə çatdırmaq bizim üçün xüsusi əhəmiyyət daşıyır, çünki milli
mədəni irsimizin qorunması və tərənnüm edilməsi şirkətin korporativ sosial məsuliyyət
strategiyasının əsas istiqamətlərindən biridir”, - deyə bildirib.
“Azərpoçt” MMC Ucal Haqverdiyevin yubileyi münasibətilə rəssamın “Avtoportret”, “Dərviş”
və “Gəzinti” əsərlərini əks etdirən xatirə poçt markaları buraxıb. Markaları tədbir
iştirakçılarına nümayiş etdirən “Azərpoçt”un şöbə müdiri Sitarə Hüseynova bildirib ki, Ucal
Haqverdiyevin yaradıcılığına həsr olunmuş markalar sənət irsinin filateliya vasitəsilə
yaşadılmasına xidmət edir.
Tədbirdə təqdim olunan digər layihə A-Solutions Elektron Pul Təşkilatının Ucal
Haqverdiyevin əsərlərinə həsr olunmuş rəqəmsal kart kolleksiyası oldu. “Maliyyə və
mədəniyyət bir arada” təşəbbüsü çərçivəsində ərsəyə gəlmiş bu təşəbbüsün məqsədindən
danışan A-Solutions-un baş icraçı direktoru Həsən Həsənov bildirib: “Biz inanırıq ki,
texnologiyanın gücü yalnız onun funksionallığında deyil, insanların gündəlik həyatına
qatdığı dəyərlə ölçülür.”