Azərbaycanın U-12, U-14 və U-16 Uşaq Gənclər Basketbol Liqasında mükafatçılar müəyyənləşib.
Rekord.az xəbər verir ki, həlledici görüşlər Azərbaycan Texniki Universitetinin idman zalında baş tutub.
Oğlanlar arasında U-12 yaş qrupu üzrə final oyununda "Baku Ballzone" komandası "Meteor F-Basket" klubuna 35:26 hesabı ilə qalib gələrək çempion olub. "Aztop Jr" klubu isə "Qaradağ" üzərində 27:25 hesablı qələbə ilə U-12 yaş qrupunda ən güclü 3-cü komanda olub.
U-14 yaş qrupunun finalında "Baku Ballzone" klubu 82:59 hesabı ilə Bakı Basketbol Akademiyasından (BBA) güclü olub və çempionluğa sevinib. RİOEUGİM-2 komandası 61:58 hesabı ilə UGİM-9'a qalib gələrək 3-cü pillənin sahibi olub.
U-16 yaş qrupu üzrə final görüşündə RİOEUGİM-2 klubu 93:69 hesabı ilə İOEUGİM-8 komandasından güclü olub və çempionluğu qazanıb. 3-cü yerin sahibi isə "Torpaq" klubuna 78:54 hesabı ilə qalib gəlmiş UGİM-10 basketbolçuları olublar.
Həlledici oyunlardan sonra mükafatlandırma mərasimi baş tutub. Kubok və medalçılara mükafatları Azərbaycan Basketbol Federasiyasının idman direktoru Turqay Zeytingöz, FİBA dərəcəli hakimimiz Urfan Bayramlı və oğlanlardan ibarət U-16 millimizin baş məşqçisi Erhan Toker təqdim ediblər.