BAKI, 11 iyun. TELEQRAF
Bu ilin yanvar-may aylarında 6.236 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 89,1 faizi yerli investisiyalı, 10,9 faizi xarici investisiyalıdır.
Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, kommersiya qurumlarının 85,7 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,8 faiz təşkil edib.
İyun ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz artaraq 196.485 vahid təşkil edib.
Əlavə olaraq, bu ilin iyun ayının 1-nə ölkə üzrə uçotda olan 1.625.480 vergi ödəyicisinin 86,9 faizi fiziki şəxslər, 13,1 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,4 faiz, o cümlədən fiziki şəxslərin sayı 3,9 faiz, hüquqi şəxslərin sayı isə 7,7 faiz artıb. Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,7 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.