ABŞ və İran münaqişənin tənzimlənməsi çərçivəsində İran iqtisadiyyatının inkişafı üçün böyük investisiya fondunun yaradılması imkanını nəzərdən keçirirlər.
Publika.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, iranlı rəsmilərdən biri və bir diplomat fondun həcmini 300 milyard dollar qiymətləndirsə də, danışıqlarda iştirak edən digər rəsmilər bu rəqəmi təsdiqləməyiblər.
İranlı dövlət rəsmisi layihəni “yenidənqurma proqramı” adlandırıb. Bildirilib ki, yekun razılaşma əldə olunarsa, bu proqram İrana vəd ediləcək.
Qəzet qeyd edir ki, İran tərəfi daha əvvəl bombardmanlar nəticəsində dəymiş ziyana görə kompensasiya tələb edib. İran rəsmiləri zərərin həcmini 300 milyard dollardan 1 trilyon dollara qədər qiymətləndiriblər.