Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinin uğur qazanması üçün hər hansı xarici “qarant” mexanizminə ehtiyac yoxdur"
Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı səsləndirdiyi son fikirlər regionda yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Baş nazirin “sülh üçün qarant institutuna ehtiyac yoxdur” mesajı İrəvanın xarici güclərin vasitəçiliyindən daha çox birbaşa dialoqa üstünlük verməyə başladığını göstərir.
Paşinyan bildirib ki, Ermənistan əvvəlki səhvləri təkrarlamaq niyyətində deyil və ölkəsinin digər güclərin geosiyasi maraqları naminə alətə çevrilməsinə imkan verilməməlidir. Onun sözlərinə görə, bu yanaşma həm tarixi, həm də siyasi baxımdan mühüm dəyişiklik hesab oluna bilər.
Mövzunu Sherg.az şərh edən Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamaları həm praqmatik yanaşmanın, həm də regionda yeni siyasi reallığın göstəricisidir. Onun sözlərinə görə, Paşinyanın sərgilədiyi mövqe əslində Azərbaycanın uzun müddətdir müdafiə etdiyi yanaşma ilə üst-üstə düşür: 
“Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinin uğur qazanması üçün hər hansı xarici “qarant” mexanizminə ehtiyac yoxdur. Çünki prosesə qoşulmağa çalışan beynəlxalq güclər bunu daha çox öz geosiyasi maraqlarını qorumaq məqsədilə edirlər. Rusiya, Avropa İttifaqı və Fransa çalışır ki, sülh sazişində əsas söz sahibi məhz onlar olsun. Halbuki Paşinyanın mesajı ondan ibarətdir ki, Bakı və İrəvan problemləri ikitərəfli formatda həll etməyə qadirdir və üçüncü tərəfin müdaxiləsinə ehtiyac yoxdur”.
M.Əsədullazadənin fikrincə, Ermənistanın uzun illər davam edən siyasi və geosiyasi dalandan çıxması üçün qonşularla münasibətlərin normallaşdırılması əsas şərtdir: “Yekun sülh müqaviləsinin imzalanması Ermənistanın “forpost siyasəti”ndən uzaqlaşaraq regional əməkdaşlıq və inteqrasiya proseslərinə qoşulmasına imkan yarada bilər. Bu proses həm də göstərir ki, Ermənistan rəhbərliyi artıq regionda formalaşan yeni siyasi transformasiyaya uyğun davranmağa çalışır. Rəsmi İrəvan anlayır ki, davamlı inkişaf və təhlükəsizlik qonşularla normal münasibətlərdən keçir”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.