525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Süni İntellektin (Sİ) əhəmiyyəti durmadan artır. O, sənayeləri kökündən dəyişir, effektivliyi artırır və iqlim dəyişikliyi və səhiyyəyə çıxış kimi qlobal problemlərin həllinə kömək edir. Bu səbəbdən ölkələr Sİ texnologiyalarını inkişaf etdirmək üçün ciddi rəqabət aparırlar. ABŞ müasir Sİ-n beşiyi hesab olunur. Google, Microsoft və IBM kimi texnologiya nəhəngləri Sİ tədqiqatlarına böyük sərmayələr yatırır. Silikon Vadisi isə startaplar, tədqiqatçılar və sahibkarlar üçün əsas mərkəzə çevrilib. ABŞ-da Sİ inkişafının əsas üstünlüklərindən biri universitetlərlə özəl sektor arasında sıx əməkdaşlıqdır. Həmçinin dövlət də Sİ-n strateji əhəmiyyətini qəbul edərək müxtəlif təşəbbüslər həyata keçirir”.
Bunu 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov söyləyib.
Rektor qeyd edib ki, Çin sürətlə Sİ sahəsində əsas oyunçulardan birinə çevrilir. Çin hökuməti Sİ-i milli prioritet elan edib və 2030-cu ilə qədər dünya lideri olmağı hədəfləyir. Bu istiqamətdə milyardlarla dollar investisiya qoyulur. Baidu, Alibaba və Tencent kimi şirkətlər böyük istifadəçi bazasından əldə etdikləri məlumatlar sayəsində Sİ sistemlərini inkişaf etdirirlər. Çin əhalisinin çoxluğu da böyük həcmdə məlumat yaradaraq bu sahədə üstünlük yaradır:
“ABŞ və Çinlə müqayisədə Avropa İttifaqı fərqli strategiya seçib. Burada əsas diqqət etik Sİ inkişafına və hüquqi çərçivələrin yaradılmasına yönəlib. Məqsəd həm innovasiyanı təşviq etmək, həm də vətəndaşların hüquqlarını qorumaqdır. “Horizon Europe” kimi proqramlar vasitəsilə Sİ tədqiqatlarına dəstək verilir və ölkələrarası əməkdaşlıq gücləndirilir. Kanada, xüsusilə “deep learning” sahəsində mühüm nailiyyətlər əldə edib. Toronto şəhəri isə qlobal Sİ mərkəzlərindən birinə çevrilib. Kanada hökuməti Sİ-n iqtisadi və sosial potensialını nəzərə alaraq bu sahəyə dəstək verir və etik Sİ inkişafına xüsusi diqqət yetirir. Sİ inkişafında yalnız böyük şirkətlər deyil, startaplar da mühüm rol oynayır. Dünyanın müxtəlif ölkələrində startaplar təhsil, səhiyyə, marketinq və kənd təsərrüfatı kimi sahələrdə innovativ həllər təqdim edir. İsrail və Hindistan bu baxımdan seçilir. İsrail “Startap milləti” kimi tanınır, Hindistan isə Sİ-i yerli problemlərin həllində aktiv istifadə edir".
Sevinc Qarayeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.