AZ

Süni intellekt: Qlobal rəqabət və Azərbaycan

Bakı, 13 aprel, AZƏRTAC

Süni İntellektin (Sİ) əhəmiyyəti durmadan artır. O, sənaye sahələrini kökündən dəyişir, effektivliyi artırır, iqlim dəyişikliyi və səhiyyəyə çıxış kimi qlobal problemlərin həllinə kömək edir. Bu səbəbdən ölkələr Sİ texnologiyalarını inkişaf etdirmək üçün ciddi rəqabət aparırlar.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisadi Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov söyləyib.

Rektor qeyd edib ki, ABŞ müasir dövrdə süni intellektin beşiyi hesab olunur. “Google”, “Microsoft” və IBM kimi texnologiya nəhəngləri Sİ tədqiqatlarına böyük sərmayələr yatırır. Silikon Vadisi isə startaplar, tədqiqatçılar və sahibkarlar üçün əsas mərkəzə çevrilib. ABŞ-da Sİ inkişafının əsas üstünlüklərindən biri universitetlərlə özəl sektor arasında sıx əməkdaşlıqdır. Həmçinin dövlət müxtəlif təşəbbüslər həyata keçirir.

Çin sürətlə bu sahədə əsas oyunçulardan birinə çevrilir. Çin hökuməti süni intellekti milli prioritet elan edib və 2030-cu ilə qədər dünya lideri olmağı hədəfləyir. Bu istiqamətdə milyardlarla dollar investisiya qoyulur. “Baidu”, “Alibaba” və “Tencent” şirkətləri böyük istifadəçi bazasından əldə etdikləri məlumatlar sayəsində Sİ sistemlərini inkişaf etdirirlər.

ABŞ və Çinlə müqayisədə Avropa İttifaqı fərqli strategiya seçib. Burada əsas diqqət etik süni intellektin inkişafına və hüquqi çərçivələrin yaradılmasına yönəlib. Məqsəd həm innovasiyanı təşviq etmək, həm də vətəndaşların hüquqlarını qorumaqdır. “Horizon Europe” kimi proqramlar vasitəsilə Sİ tədqiqatlarına dəstək verilir və ölkələrarası əməkdaşlıq gücləndirilir.

Kanada, xüsusilə “deep learning” istiqamətində mühüm nailiyyətlər əldə edib. Toronto şəhəri isə qlobal Sİ mərkəzlərindən birinə çevrilib. Kanada hökuməti bu sahəyə dəstək verir və etik Sİ inkişafına xüsusi diqqət yetirir.

Süni intellektin inkişafında yalnız böyük şirkətlər deyil, startaplar da mühüm rol oynayır. Dünyanın müxtəlif ölkələrində startaplar təhsil, səhiyyə, marketinq və kənd təsərrüfatı kimi sahələrdə innovativ həllər təqdim edir. İsrail və Hindistan bu baxımdan seçilir. İsrail “Startap milləti” kimi tanınır, Hindistan isə Sİ-ni yerli problemlərin həllində aktiv istifadə edir.

Sİ yarışında məlumat mübadiləsi və ortaq tədqiqatlar əsas rol oynayır. Eyni zamanda, etik problemlərin, o cümlədən məlumat məxfiliyi və alqoritmik qərəzin həlli önə çıxır. Sİ üzrə yarış davam etdikcə, beynəlxalq əməkdaşlığın vacibliyi daha da artır. Həm də bu yarış yalnız texnologiya deyil, gələcəyin formalaşdırılması ilə bağlıdır. Süni intellekt gələcəyin açarıdır və bu gələcək artıq başlayıb.

Azərbaycan da süni intellektin inkişafı istiqamətində son dövrlərdə mühüm və sistemli addımlar atır. Bu baxımdan Azərbaycanın qlobal rəqabətə qoşulmaq istiqamətində atdığı addımlar və bu sahədə potensialın formalaşdırılması çox təqdirəlayiqdir. Mövcud durumun və imkanların, mümkün qısa vaxtda müsbət nəticələr əldə etmək zəruriliyi nəzərə alınaraq süni intellektin tətbiqi baxımından təhsil və elm sahələrinin prioritet istiqamət kimi müəyyənləşdirilməsi məqsədəuyğun görünür. Artıq “ağıllı təhsil”, süni intellektin tətbiq edildiyi təhsil qlobal gündəmdədir və aktiv formalaşma mərhələsindədir.

Bu kontekstdə hazırda dünyanın aparıcı ali təhsil mərkəzləri yeni texnoloji reallıqlara uyğun olaraq yenidən formalaşır və tamamilə yeni ali təhsil mərkəzləri yaranır. Bu isə onu göstərir ki, məhz indi yeni ali təhsil liderlərinin ortaya çıxması üçün əlverişli tarixi mərhələdir. İnanırıq ki, yeni “Harvard”lar məhz indi formalaşır və Azərbaycanın da bu sahədə potensialı və real şansları var. Bu şansın reallaşdırılmasının isə iki əsas amildən, daha doğrusu, bu yeniliklərə mümkün qədər tez başlamaqdan və dəyişikliklərin sürətindən asılı olduğuna inanırıq.

Seçilən
1
7
azertag.az

8Mənbələr