Futbol üzrə Azərbaycan milli komandasının mərkəz hücumçusu Renat Dadaşov Polşanın “Motor” komandasında növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, 26 yaşlı hücumçunun komandası Polşa çempionatının 2025/2026-cı illər mövsümünün 28-ci turu çərçivəsində “Rakov”la qarşılaşıb.
Lyublin təmsilçisi bu rəqiblə doğma meydanda üz-üzə gəlib və heç-heçə ilə kifayətlənib – 1:1. Renat bu görüşün 79-cu dəqiqəsində meydana buraxılıb.
28 turdan sonra 39 xalı olan “Motor” hazırda Polşa çempionatının turnir cədvəlində 18 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb. Renatın komandası keçirdiyi 28 oyunda 9 qələbə qazanıb, 12 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Dadaşov “Motor”la 2025-ci ilin yayında 1+1 illik müqaviləyə imza atıb. O, Lyublin klubunun heyətində meydana çıxdığı 20 oyunda fərqlənə bilməyib.
Renat Dadaşov ötən mövsümü Polşanın digər klubu “Radomyak”da keçirib. Amma o, mövsüm bitən kimi sözügedən klubu tərk edib və “Motor”la razılaşıb. Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 43 oyunda 6 qol, 2 məhsuldar ötürmə müəllifi olub.
