“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın 27-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tovuzda baş tutmuş görüşü meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Çox vacib qələbə qazandıq. Futbolçularda ilk dəqiqələrdə həyəcan hiss olunurdu. 2:0-dan sonra hesabı qorumağa çalışdıq. Amma bir qol buraxdıq. Allaha şükürlər olsun ki, hesab 2:2 bitmədi və yekunda qələbə qazandıq”.
Berdıyev uzun fasilədən sonra qovuşduqları Tovuz şəhər stadionunun ot örtüyünün durumuna da toxunub:
“Meydança çox yaxşı idi. Ümid edirik ki, həmişə belə qalacaq. Klubun prezidentinə təşəkkür edirik ki, belə şərait yaradılıb. Çünki süni meydanda oynamaq çox çətindir”.
Baş məşqçi “Turan Tovuz”un avrokuboklara nə dərəcədə hazır olması barədə suala cavab vermək istəməyib:
“Biz bu barədə bir neçə dəfə danışmışıq. Bizim üçün vacib olan növbəti görüşdür. İndidən fikir bildirmək çətindir. Hər şey Allahın əlindədir. Vacib olan növbəti oyundur. Hər şey heyətin möhkənlənməsindən və kimlərlə möhkəmləməyindən asılıdır. İndidən danışırıq. Amma hələ gedib ora çatmamışıq. Avrokuboklara vəsiqə qazansaq, ev oyunlarını Tovuzda oynamaq istəyərdik. Tovuz bizim şəhərimizdir, bura bizim meydançamızdır”.
Türkmən mütəxəssis “Turan Tovuz”la müqaviləsinin mövsümün sonunda bitməsinə də toxunub:
“Mən şərtlərdən razıyam. Amma qərarı klubun prezidenti verməlidir”.
