RU

Sülh masasında gizli savaş: ABŞ və İran razılığa gələ biləcək?

Qlobal təhlükəsizlik mühitinin həssas mərhələyə daxil olduğu bir vaxtda ABŞ və İran arasında planlaşdırılan İslamabad görüşü beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Yaxın Şərqdə artan gərginlik fonunda bu danışıqların nəticələri yalnız iki ölkə üçün deyil, ümumilikdə regionun sabitliyi baxımından mühüm əhəmiyyət daşıyır.

Politoloq Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında bildirib ki, Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında 10 aprel tarixində İslamabadda keçirilməsi gözlənilən sülh danışıqlarının hər iki tərəf arasında müharibəni tam şəkildə bitirəcək yekun sənədlə nəticələnəcəyinə inanmaq çətindir:

“Pakistan tərəfi sülh razılaşmasının əldə olunması üçün səylər göstərsə də, regionda mövcud olan qeyri-müəyyən güc balansı prosesi çətinləşdirən əsas faktorlardan biri kimi çıxış edir. Atəşkəsdən dərhal sonra İsrailin Livana zərbələr endirməsi, ABŞ və İran rəsmilərinin qarşılıqlı sərt açıqlamaları, eləcə də Hörmüz boğazının yenidən bağlanması ehtimalı sülhün deyil, hətta atəşkəsin belə nə qədər kövrək olduğunu nümayiş etdirir.

Atəşkəs elan olunduqdan sonra tərəflərin özlərini qalib kimi təqdim etməsi, ABŞ tərəfindən 15, İran tərəfindən isə 10 maddədən ibarət şərtlərin irəli sürülməsi danışıqların başlanacağı halda belə müəyyən mərhələdə çıxılmaz vəziyyətə düşə biləcəyini göstərir. Çünki tərəflərin irəli sürdüyü tələblər bir-biri ilə kəskin ziddiyyət təşkil edir”.

Onun sözlərinə görə, Hörmüz boğazının hansı hüquqi çərçivədə fəaliyyət göstərəcəyi, İranın uranın zənginləşdirilməsi proqramının gələcəyi, ballistik raket istehsalının davamı, ABŞ-nin Bəsrə körfəzi ətrafındakı hərbi mövcudluğu, eləcə də İsrail-Livan münasibətlərinin perspektivi razılaşdırılması ən çətin məsələlər sırasındadır:

“Hərbi qarşıdurmanın yenidən alovlanması onun miqyasının və intensivliyinin daha da artması ilə nəticələnə bilər ki, bu da dünyanın müxtəlif regionlarında digər münaqişələrin də hərbi fazaya keçməsinə səbəb ola bilər. Bu isə qlobal miqyasda ciddi təhlükə yaradır və beynəlxalq ictimaiyyət belə bir ssenariyə hazır deyil.

Ümid etmək olar ki, İslamabadda keçiriləcək görüş müsbət nəticələr verər və bölgədə sülhün bərqərar olunmasına zəmin yaradar”.

//Gülnarə Abasova, Editor.az

Избранный
18
50
editor.az

10Источники