"Plastik cərrahiyyəyə marağın artması bu sahədə yeni mərkəzlərin yaradılmasını zəruri edir".
Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin instaqram səhifəsində canlı yayım zamanı Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nəzdində Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının Baş həkimi Dilqəm Məmmədov səsləndirdi.
O əlavə etdi ki, müasir dövrdə həm estetik, həm də rekonstruktiv əməliyyatlara maraq əhəmiyyətli dərəcədə artıb:
“Bu tendensiya Azərbaycanda da aydın şəkildə müşahidə olunur. Artan tələbat ölkədə yeni ixtisaslaşmış klinikaların yaradılmasını zəruri edir. Plastik cərrahiyyə deyildikdə çox vaxt yalnız estetik əməliyyatlar nəzərdə tutulur. Halbuki bu sahə rekonstruktiv, yəni bərpaedici cərrahiyyəni də əhatə edir. Tarixi baxımdan plastik cərrahiyyə müharibələr dövründə formalaşıb və bu gün də əməliyyatların böyük hissəsi funksiyaların bərpasına yönəlib. Rekonstruktiv əməliyyatlar insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır və bu sahəyə olan ehtiyac getdikcə artır. Bu tip əməliyyatları həyata keçirən ixtisaslaşmış mərkəzlərin sayının az olması yeni klinikaların açılmasını daha da аktuallaşdırır. Əsas məqsəd pasientlər üçün əlçatan və keyfiyyətli tibbi xidmətin təmin edilməsidir. Xaricdə təhsil aldığım dövrdə Azərbaycan vətəndaşlarının müalicə üçün qarşılaşdığı çətinlikləri yaxından müşahidə etdim. Buna görə də ölkə daxilində tibbi xidmətə əlçatanlığın artırılması əsas hədəflərimizdən biridir".
NURİYYƏ