RU

Məhkəmə hakimi Hacı Qalibə görə Bilgəhə gedir

Bilgəhdəki torpaq mübahisəsi bir ailənin şəxsi problemi olmaqdan çıxaraq daha geniş bir sualı ortaya qoyur: ölkədə mülkiyyət hüququ nə dərəcədə qorunur?

Bakının Bilgəh qəsəbəsində uzun illərdir səngiməyən torpaq qalmaqalı yenidən alovlanıb. Bu qalmaqalın mərkəzində isə adı dəfələrlə müxtəlif torpaq mübahisələrində hallanan sabiq deputat Hacı Qalib Salahzadə dayanır.

Söhbət sadə bir torpaq mübahisəsindən getmir. Məsələ vaxtilə mərhum prezident Heydər Əliyevin məşhur aviator Nurid Əliyevə bağışladığı torpaq sahəsi ilə bağlıdır. İllər keçdikcə bu torpaq ətrafında yaranan mübahisələr, şübhəli sənədlər və məhkəmə çəkişmələri indi yenidən hüquqi müstəviyə qayıdıb.

Ölü adamın adına torpaq alqısı?

Hadisələrin kökü 2002-ci ilə gedib çıxır. Mərhum aviator Nurid Əliyevin nəvəsi – babası ilə eyni adı daşıyan Nurid Əliyev deyir ki, həmin illərdə Hacı Qalib Salahzadə onun ailəsinə məxsus torpaq sahəsini ələ keçirmək üçün şübhəli sənədlərdən istifadə edib.

Onun sözlərinə görə, sabiq deputatın nənəsi Kübraxanım Mirəbdülhüseyn qızı Camalovanın adına Bilgəh bələdiyyəsindən sənəd alınıb. Həmin sənəddə göstərilib ki, guya bu qadın 2004-cü ildə Nurid Əliyevə məxsus torpaq sahəsini bələdiyyədən satın alıb. Lakin məhkəmə araşdırmaları zamanı ortaya çıxan faktlar sənədin absurdluğunu üzə çıxarıb: Kübraxanım Camalova 1998-ci ildə vəfat edib. Başqa sözlə, sənədlərə görə torpaq alan şəxs həmin vaxt artıq altı ildir ki, həyatda olmayıb. Nurid Əliyev bildirir ki, ilkin araşdırmalar zamanı bu sənədləşmə prosesinin arxasında məhz Hacı Qalib Salahzadənin dayandığı üzə çıxıb. Məhkəmələr də müəyyən mərhələlərdə onların xeyrinə qərar versə də, problem illərdir həllini tapmır:“Məhkəmə xeyrimizə qərar çıxarsa da, icra qurumları illərdir Hacı Qalib Salahzadəni zəbt etdiyi torpaqdan çıxarmırlar”.

Torpaq mübahisəsi son vaxtlar yenidən aktuallaşıb. Səbəb isə mərhum aviatorun nəvəsinin öz mülkiyyətini rəsmiləşdirmək istəməsidir. Nurid Əliyev Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Aslan Salahzadə küçəsi, döngə 21, ev 1 ünvanında yerləşən torpaq sahəsinə dövlət reyestrindən çıxarış (kupça) almaq üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edib. Lakin qurum onun müraciətini geri qaytarıb.

Rəsmi izaha görə, sözügedən torpaq sahəsinin sərhədləri guya qonşu torpaq sahəsi ilə – Hacı Qalib Salahzadəyə məxsus olduğu iddia edilən ərazi ilə üst-üstə düşür.Nurid Əliyev isə bu arqumenti əsassız sayır və bildirir ki, bu məsələ illər əvvəl artıq araşdırılıb.

Onun sözlərinə görə, 2015-ci ildə qonşu Seymur Quliyevin iddiası üzrə aparılan məhkəmə araşdırması zamanı əraziyə ekspertiza keçirilib və torpaq sahələrinin üst-üstə düşməsi faktı təkzib olunub. Nurid Əliyev həmin məhkəmə qərarlarını da Bakı Apelyasiya Məhkəməsinə təqdim edib. Buna baxmayaraq, Bakı İnzibati Məhkəməsi iddianı təmin etməyib və kupça verilməsi barədə qərar çıxarmayıb. Bunun ardınca Nurid Əliyev məhkəmənin qərarından apelyasiya şikayəti verib.

İş hazırda Bakı Apelyasiya Məhkəməsində araşdırılır. Məhkəmənin hakimi Pərviz Hüseynov iş üzrə yerində baxış keçirilməsi barədə qərar qəbul edib. Bu gün – 3 aprel tarixində hakim və proses iştirakçıları mübahisəli əraziyə baxış keçirəcəklər. Nurid Əliyev hesab edir ki, torpaq sahələrinin üst-üstə düşməsi ilə bağlı iddialar reallığı əks etdirmir: “Torpaq sahələrinin üst-üstə düşməsi barədə deyilənlər Hacı Qalibin uydurmalarıdır. Əmlak Məsələləri Dövlət Xidmətinin və Bakı İnzibati Məhkəməsinin bu arqumentləri əsas götürməsi isə sağlam hüquqi münasibətlərdən xəbər vermir”.

Beləliklə, vaxtilə dövlət başçısı tərəfindən tanınmış aviatora bağışlandığı deyilən torpaq sahəsi üzərində mübahisə iyirmi ildən çoxdur davam edir. Ölü adamın adına rəsmiləşdirilmiş sənədlər, icra olunmayan məhkəmə qərarları və verilən-görünən kupça problemi – bütün bunlar Azərbaycanın daşınmaz əmlak sahəsindəki köhnə problemlərini yenidən gündəmə gətirir. Bilgəhdəki bu torpaq mübahisəsi bir ailənin şəxsi problemi olmaqdan çıxaraq daha geniş bir sualı ortaya qoyur: Azərbaycanda mülkiyyət hüququnun qorunması nə dərəcədə təmin olunur?

Bu suala cavab isə bəlkə də Bakı Apellyasiya Məhkəməsinin Bilgəhdə keçirəcəyi növbəti baxışdan sonra bir daha aydın görünəcək.

E.Məmmədəliyev,
Musavat.com

Избранный
23
4
musavat.com

6Источники