Bu gün, martın 12-də Bakı Apelyasiya Məhkəməsində sabiq deputat Əliabbas Salahzadənin həyat yoldaşı Xatirə Salahzadənin tərəf olduğu şikayətə baxılacaq.
Musavat.com xəbər verir ki, iş üzrə qarşı tərəf Azərbaycan vətəndaşı Seymur Quliyevdir. O, Bakı İnzibati Məhkəməsinin hakimi Ləman Musayevanın iş üzrə qərarından apellyasiya şikayəti verib.
Seymur Quliyev deyir ki, hakim Ləman Musayeva 11 il öncə Ali Məhkəmənin təsdiq etdiyi qərarı faktiki olaraq şübhə altına alan qərar verməklə cinayətə bərabər əmələ imza atıb:
“Mən baş prokuror Kamran Əliyevə, Ali Məhkəmənin, Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimova müraciət etməklə hakim Ləman Musayevanın əməlinə hüquqi qiymət verməyə çağırıram. Hakim 11 il öncə çıxarılan məhkəmə qərarı ola-ola qarşı tərəfin yalanlarla dolu ərizəsini icraata qəbul edib və işə yenidən baxılması qərarı verib. Ləman Musayeva özü də bilir ki, çıxardığı qərar tam qanunsuz, Azərbaycan Respublikasının mövcud qanunlarına, Ali Məhkəmənin Plenum qərarlarına daban-dabana ziddir və buna görə də cinayətə bərabər qərarının sonunda “qərardaddan şikayət verilə bilməz” yazır. Elə bilir ki, onun bu “janqlyor”luğu, “11 il əvvəl ölmüş” bir işin üzərinə “dirilik suyu töküb diriltməsi”, məhkəməni Bakı Dövlət Sirkinin arenasına döndərməsi keçəcək. Heç kəs çörəyi qulağına yemir. Qanunsuz qərarı alan kimi apelyasiya şikayəti verdik. Mən İnam Kərimovu mənə qarşı Ləman Musayevanın imza atdığı bu cinayətə bərabər qanunsuzluğu araşdırmağa çalışıram. Belə çıxır ki, bu gün Ali Məhkəmənin hər hansı bir iş üzrə verdiyi son qərarı hansısa hakim 10-15 il sonra ləğv edə bilər? Heç Anqolada da belə məhkəmə praktikası yoxdur. Əgər belədirsə, ölkədə məhkəmələrə inam qalmaz”.
Seymur Quliyevin tərəf olduğu iş üzrə Bakı İnzibati Məhkəməsinin hakimi Ləman Musayeva 15 yanvar 2026-cı il tarixli qərardadla 2 saylı İnzibati Məhkəmənin 11 noyabr 2015-ci il tarixli qərarını ləğv edib və işə mahiyyəti üzrə yenidən baxılmasını bərpa edib. Qərardadda əsas kimi isə 11 il əvvəl başa çatmış məhkəmə prosesində Xatirə Salahzadənin üçüncü şəxs qismində cəlb edilməməsi göstərilib.
Seymur Quliyevin sözlərinə görə, mübahisə Bakının Bilgəh qəsəbəsində, kardioloji sanatoriya ilə sərhəddə yerləşən 20 sot torpaq sahəsi ilə bağlıdır. O bildirir ki, həmin torpağı 2004-cü ilin may ayında alqı-satqı müqaviləsi ilə alıb və ərazidə iki və üçmərtəbəli yaşayış evləri tikdirib. 2013-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti həmin ərazini “İnşaat Servisez” MMC-yə ayırarkən onun və qonşusu Nurid Əliyevin torpaq sahələrinin həmin əraziyə düşdüyünü nəzərə almayıb. Bu sərəncam məhkəmədə mübahisələndirilib. Onun sözlərinə görə, məhkəmə çəkişməsi davam etdiyi vaxtda “İnşaat Servisez” MMC-yə çıxarış verilib və torpaq sonradan üçüncü şəxs kimi göstərilən Xatirə Salahzadəyə satılıb.
Daha sonra isə məhkəmə Seymur Quliyevin iddiasını təmin edib və Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamını ləğv edib. İnzibati-İqtisadi Məhkəmə sərəncamın qanunsuz olduğunu təsdiqləyib, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb. Seymur Quliyev bildirir ki, belə olan halda həmin torpaq sahəsi üzrə bağlanan bütün sonrakı alqı-satqı müqavilələri də hüquqi qüvvəsini itirməli idi. “İş üzrə 11 il əvvəl çıxarılmış qətnamə və qərarları hakimə təqdim etdik. Amma onların heç biri nəzərə alınmadı və tamamilə qanunsuz qərardad çıxarıldı”, – deyə o qeyd edir. Seymur Quliyevlə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qızı Xatirə Salahzadə arasında məhkəmə çəkişməsi uzun illərdir davam edir və bu mübahisə dəfələrlə ictimai diqqətə səbəb olub. Xatirə Salahzadə keçmiş deputat Qalib Salahzadənin gəlini, sabiq deputat Əliabbas Salahzadənin həyat yoldaşıdır. Seymur Quliyevin sözlərinə görə, qarşı tərəfin iddialarına Sabunçu Rayon Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə baxılıb və təmin edilməyib. 2014-cü ildə Xatirə Salahzadə Konstitusiya Məhkəməsinə müraciət etsə də, 2015-ci ildə şikayəti təmin olunmayıb.Məhkəmə çəkişmələri dövründə qanuni mülkiyyətində olan torpaq sahəsində tikdirdiyi evlər Xatirə Salahzadənin qayınatası Qalib Salahzadə tərəfindən sökülüb.
“Bu gün də qanunla mənə məxsus olan torpaq sahəsinə faktiki olaraq daxil ola bilmirəm. Əraziyə yaxınlaşanda daş-qalaq olunuram, müxtəlif maneələrlə üzləşirəm”, – deyə, Seymur Quliyev bildirir.
2025-ci ildə Xatirə Salahzadə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bilgəh qəsəbə nümayəndəliyinin 1994-cü ildə torpaq ayırmasına dair sənədin qanunsuz olduğunu iddia edib. Hakim Günel Tanrıverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Seymur Quliyev bildirib ki, eyni tələblə 2013-cü ildə də 2 saylı İnzibati Məhkəməyə müraciət olunub və həmin iddia təmin edilməyib. Onun təqdim etdiyi məhkəmə qərarından sonra isə iddia geri götürülüb. 2025-ci ilin oktyabrında isə Xatirə Salahzadə geri götürülmüş iddianı “yeni açılmış hal” kimi Ali Məhkəməyə təqdim edib. 2025-ci ilin dekabrında Ali Məhkəmədə hakim Əhliman Xıdırovun sədrliyi ilə baxılan müraciət üzrə iddianın qəbuledilməzliyi barədə qərardad çıxarılıb.
Buna baxmayaraq, 2026-cı ilin yanvarında Xatirə Salahzadə yenidən Bakı İnzibati Məhkəməsinə müraciət edib və Seymur Quliyevin torpağa mülkiyyət hüququ əldə etdiyi dövrdə onun həmin əraziyə dair çıxarışının mövcud olduğunu iddia edib. Bakı İnzibati Məhkəməsinin hakimi Ləman Musayeva isə 15 yanvar 2026-cı il tarixli qərardadla 2 saylı İnzibati Məhkəmənin 15 noyabr 2015-ci il tarixli qərarını ləğv edib və işə yenidən baxılmasını bərpa edib. Qərardadda əsas kimi Xatirə Salahzadənin əvvəlki məhkəmə prosesində üçüncü şəxs qismində cəlb edilməməsi göstərilib. Seymur Quliyev deyir ki, 11 il əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktlarının yenidən müzakirəyə çıxarılması hüquqi sabitlik prinsipinə ziddir və onun mülkiyyət hüququnun ən kobud şəkildə pozulmasıdır.
E.Məmmədəliyev
Musavat.com