RU

Bu seçkilərdə sülh və müharibə tərəfdarları arasında rəqabət gedəcək

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Pərvanə SULTANOVA[email protected]

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca siyasi gərginlik də artır. Nikol Paşinyan hakimiyyətinə qarşı həm daxili, həm də xarici təzyiqlərin artdığı müşahidə olunur, eyni zamanda kilsə də siyasi mübarizəyə cəlb olunub. Seçkilər ərəfəsində qarşıdurmanın daha da kəskinləşəcəyi istisna deyil.

Bir sıra siyasi qüvvələr iyunun 7-də keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətlərini artıq açıqlayıblar. Hakim "Mülki müqavilə" partiyası hazırkı Baş nazir Nikol Paşinyanı hökumət başçısı postuna namizəd kimi irəli sürüb. İkinci prezident Robert Köçəryanın "Hayastan" bloku, Rusiyaya bağlı oliqarx Samvel Karapetyanın "Güclü Ermənistan" partiyası seçkilərdə iştirak edəcək. Oliqarx Qaqik Çarukyan "Ermənistan üçün təkliflər" təşəbbüsünü irəli sürərək seçkilərdə iştirakını elan edib. Karapetyanın partiyası "Birləşmiş ermənilər" (fəxri sədr Nairi Sarkisyan) və "Yeni dövr" partiyası (lideri Arutyun Arutyunyan) ilə blok yaradaraq seçkilərə gedir.

Revanşistlər və daşnakların yenidən Ermənistanda hakimiyyətə gəlməsi nə dərəcədə real görünür? Hadisələr hansı xətlə inkişaf edə bilər? Azərbaycanla sülh prosesinə nə kimi təhdidlər var?

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov "525-ci qəzet"ə müsahibəsində mövzu ərtafında fikirlərini bölüşüb.

- Ermənistanda seçkilər ərəfəsində gərginlik mövcuddur. Nikol Paşinyan və rəhbərlik etdiyi partiya hələlik üstünlüyü qoruyub saxlayır. Özünü və partiyasını bu seçkilərdə sülh partiyası kimi təqdim edir. Əsas rəqibləri üç oliqarxdır. Onların hər üçü milyarderdir və hər birinin maliyyə imkanları Rusiya ilə bağlıdır. İndi Ermənistan ərazisindədirlər. Oliqarx Qaqik Çarukyanın Belarusda da pulları var. Hər üçü qeyd etdiyim kimi, milyarderdir, ruspərəst mövqedən çıxış edirlər. Eyni zamanda, hesab edirlər ki, Paşinyan müharibənin başlanmasında da günahkardır, müharibəni uduzmaqda da günahkardır. Onların fikrincə, indi də Ermənistanın mövqelərini aşağılayaraq tələm-tələsik Azərbaycanla sülhə gedir. Ona görə də düşünürəm ki, bu seçkilərdə sülh və müharibə tərəfdarları arasında rəqabət gedəcək.

Ermənistanda keçirilən sorğulara əsasən deyə bilərəm ki, böyük ehtimalla, Paşinyanın partiyası 50 faiz səsi toplamalıdır. Yəni üstünlüyü mövcuddur. Karapetyanın da partiyası mütləq şəkildə parlamentə keçir. Orda parlamentə keçmək üçün partiya gərək 4 faizlik baryeri aşsın. Bu ikisinin şansları var, ancaq hələlik hər şey seçki kampaniyasından asılı olacaq. Böyük ehtimalla, keçməlidirlər. Parlamentdə əvvəlki kimi 3/2 səs toplamaq mümkün olmasa da belə, Paşinyan yenə də hökuməti formalaşdırmaq imkanında olacaq. Ələlxüsus nəzərə alsaq ki, Azərbaycan Ermənistana tranzit yolu açıb, bu, onlar üçün çox müsbət bir addımdır, Paşinyanın dövründə Ermənistanda iqtisadi vəziyyət xeyli yaxşılaşıb, üstəlik, ermənilər məğlubiyyətlə barışmasalar da, tam əksəriyyəti Azərbaycanla müharibə aparmaq istəyində deyillər. Bu da Paşinyanın əlinə işləyir. Böyük ehtimalla, o, seçkiləri udmalıdır. İrəvanda Avropa Siyasi Birliyinin sammiti keçiriləcək, bu da bir siyasi dəstəkdir. Düşünürəm ki, hər bir halda Paşinyan seçilsə, Azərbaycanla sülh prosesi, əməkdaşlığın bərpası və inkişafı xeyli artacaq.

- Rusiyanın mövqeyi barədə nə deyə bilərsiniz? Paşinyanın qərbyönümlü siyasəti, digər tərəfdən Rusiyanın sanksiyalardan yayınmasında İrəvanın rol oynamasına dair faktlar və digər amillər nəzərə alınsa, Rusiya necə davranacaq? Moskvanın hansı ssenariləri ola bilər?

- Rusiya Nikol Paşinyana dəstək vermək fikrində deyil, amma reallıqlarla da hesablaşmalıdır. Hiss olunur ki, bütün imkanları səfərbər edib ki, Paşinyan seçkiləri qazanmasın. Eyni zamanda, vəziyyəti görürlər və anlayırlar ki, onların istəklərinə rəğmən, Paşinyan böyük ehtimalla, seçkiləri udacaq. Ona görə də hər bir halda qapıları açıq saxlamaq istəyindədirlər. Rusiya arxa planda Paşinyanın seçkilərdə məğlub olması üçün əlindən gələni edir, amma eyni zamanda imkanları tam əldən vermir.

- Ermənistanın ikinci prezidenti Robert Köçəryan da seçkilərdə iştrak edəcək. Onun şanlarını necə dəyərləndirirsiniz?

- Köçəryanın parlamentə keçmək şansları var, bununla belə, seçkilərdə iştirak edən bütün liderlərdən ən böyük antireytinqə malikdir. Köçəryana nifrət edənlərin sayı ona dəstək verəcək əhalinin cüzi hissəsindən qat-qat çoxdur. Siyasi blok formalaşdırırlar, əsasını da daşnaklar təşkil edir, Köçəryan sadəcə olaraq onların hamısını maliyyələşdirir. Parlamentə bloku keçərsə, amma nəticəsi elə də yüksək olmasa, Köçəryan necə ki, sonuncu seçkilərdə parlamentə getmədi, düşünürəm ki, Baş nazir olmaq şansı olmadığı halda parlamentə yenə də gedəsi deyil.

- Seçkiyə qeyd etdiyiniz kimi, üç oliqarx qatılıb. Onların arasında Rusiyanın seçimi kimdir?

- Rusiya təbii ki, Karapetyanı dəstəkləyir. Onu pulları ilə İrəvana göndərib. Həmçinin Karapetyana dəstək olmaq üçün kilsəni də səfərbər edib. Sadəcə olaraq çalışırlar ki, öz xeyrinə səs vermək üçün pulla insanları ələ alıb seçkiyə gətirsinlər. Bu məqsədlə kilsədən istifadə etmək istəyirlər. Kilsənin yerlərdə nümayəndələri, keşişlər onsuz da həmişə yoxsullara yardımlar edir, kömək göstərirlər. Bundan istifadə edərək pul buraxıb camaatı ələ almaq istəyirlər. Pulu Karapetyan verəcək, onun necə istifadəsi, camaatın yönləndirilməsini isə kilsə etməlidir. Avropa İttifaqı da məlumdur ki, Paşinyana kömək göstərir. Paşinyan da vəziyyəti anlayır və dörd arxiyepiskopu həbs etdirib. Kilsəni də qorxudur ki, bu qələtləri eləməsinlər.

- Karapetyanın ikili vətəndaşlığı var, həm də həbsdədir. Onun seçkidə iştirakı necə mümkündür?

- Onlar deyirlər ki, parlamentdə 3/2 səs toplayıb konstitusiyanı dəyişəcəklər ki, Karapetyanı sonra Baş nazir kimi təyin edə bilsinlər. Amma bu, nisyə söhbətdir. Hələlik əsas vəzifə ondan ibarətdir ki, Paşinyan parlamentdə çoxluğu əldə etməsin.

- Hadisələrin seçki ərəfəsində necə inkişaf edəcəyini dəqiq proqnoz etmək əlbəttə ki, mümkün deyil. Gözlənilməz nəticələrin sülh prosesinə hansısa təhlükə yaratması mümkündürmü? Yaxud Paşinyan seçilsə, sülh sazişi çox tez zamanda imzalana bilərmi?

- Sualın ikinci hissəsindən başlayım, Paşinyan seçilsə, düşünürəm ki, Konstitusiyanın dəyişdirilməsini gözləmədən sülh sazişi imzalana bilər. Çünki Paşinyanın seçilməsi əslində o demək olacaq ki, əhali də onun sülh siyasətinə dəstək verir. Sülh sazişinin imzalanması hələ onun qüvvəyə minməsi demək deyil. Saziş ratifikasiyadan keçməlidir. Ratifikasiya prosesi Konstitusiya dəyişikliyindən sonrakı mərhələyə saxlanıla bilər. O ki qaldı sualın birinci hissəsinə, Paşinyanın rəqiblərinin hakimiyyətə gəldiyi halda, düşünürəm ki, sülh prosesi dayanacaq. Ona görə ki, Köçəryan olan yerdə Azərbaycan erməni tərəfi ilə danışıqlar aparmayacaq. Onlar gic-gic təkliflər irəli sürürlər, məsələn, sülh sazişinə dəyişikliklər və s. Nə dəyişikliklər axı? Hər bir halda vəziyyəti hərbi toqquşma səviyyəsinə gətirmək bu gün Ermənistan üçün intihara bərabərdir. Hesab edirəm ki, o qələti etməyə özlərində cəsarət tapmazlar. Lakin sülh prosesində fasilə yarana bilər.

- Avropa İttifaqının Ermənistana seçki prosesində dəstəyini vurğuladınız. Bu dəstək kifayət qədər verilə biləcək? Məsələn, Moldovadakı kimi...

- Avropa İttifaqı nəzərə aldı ki, bir çox moldovanlar, yəni səsvermə hüququ olan şəxslər Avropa ölkələrində işləyirlər. Söhbət yüz minlərlə insanlardan gedir. Aİ öz maliyyə hesabına bütün bu ölkələrdə səsvermə məntəqələri təşkil etdi. Demək olar ki, Maya Sandu Moldova ərazisində seçkiləri uduzdu, yəni ölkə daxilində səsçoxluğu toplaya bilmədi, onun partiyasının qələbəsi daha çox Avropada işləyən və orda yaşayan moldovanların səsi hesabına oldu. Ermənistanda bunu etmək mümkün deyil. Ermənistanın kənarında seçki məntəqələri təkcə səfirlik və konsulluq olan yerlərdədir. Nəzərə alsaq ki, Ermənistanın hüdudlarından kənarda ən çox erməni Rusiyada yaşayır, onlar üçün kənarda belə bir şəraitin yaradılması, Paşinyanın uduzmasına gətirib çıxara bilər. Ona görə də Aİ sadəcə olaraq ölkəyə maliyyə yardımı edir, eyni zamanda, bu seçkilərdə informasiya, yəni manipulyasiyalardan istifadə olunmaması üçün Ermənistana 15 nəfərdən ibarət mütəxəssis göndərib, seçkilərin şəffaf keçirilməsi ilə bağlı təxminən 20 milyon avro vəsait ayırıb. Ancaq Avropa İttifaqı Paşinyana Moldovaya göstərilən dəstək qədər kömək göstərə bilməz.

- Söhbətin əvvəlində bildirdiniz ki, bu, müharibə və sülh tərəfdarlarının seçkisi olacaq. İndi Ermənistanda həm mətbuatı, həm sosial şəbəkələri izləyəndə Azərbaycanla sülhə qarşı çıxanları, əməkdaşlığın əleyhinə olanları, Paşinyanı satqınlıqda ittiham edənləri görürük. Belə olan halda, sizcə, Ermənistanda sülh tərəfdarları çoxdur, yoxsa müharibə?

- Paşinyan hər halda seçki kampaniyasını bu müstəvidə aparır. İndi erməni vətəndaşlar arasında siyasətə biganəlik müşahidə olunur. Təbii ki, onlar mövcud vəziyyətlə, məğlubiyyətlə barışmaq istəmirlər, lakin tam əksəriyyəti müharibədən də qorxur və onu istəmir. Belə bir ikili münasibət var. Bununla belə, düşünürəm ki, seçim qarşısında olanda və anlayanda ki, sülhü sual altında qoyan qüvvələr hakimiyyətə gəldiyi halda, müharibə ehtimalı artacaq, onda bir çoxları, hətta Paşinyandan xoşları gəlməyənlər də onun əleyhdarlarına, yəni rəqiblərinə səs verməyəcəklər. Narazı qalanlar daha çox üstünlüyü evdə oturmağa verəcəklər, nəinki gedib Köçəryana, yaxud digərinə dəstək verməyə.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
40
18
525.az

10Источники