RU

Elməddin Behbud: İkinci Ümumdünya Gənclər Festivalında Azərbaycanın təcrübəsi maraqla qarşılanıb

Bakı, 2 aprel, AZƏRTAC

Martın 21-dən 26-dək Tacikistan Respublikasının Düşənbə şəhərində “Novruz-2026” İkinci Ümumdünya Gənclər Festivalı və Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin Gənclər Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Festival çərçivəsində rəsmi, eyni zamanda, müxtəlif mədəni tədbirlər təşkil edilib.

Festivalda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü, “Demokratik Azərbaycan Naminə” Gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud bildirib ki, dövlətimizin milli maraqlarının ölkə xaricində təmin olunması baxımından vətəndaş cəmiyyəti institutlarının beynəlxalq platformalardan səmərəli istifadəsi son dərəcə vacibdir və bu istiqamətdə dövlət qurumları qeyri-hökumət təşkilatlarının fəaliyyətinin stimullaşdırılması üçün müxtəlif addımlar atır.

O, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan nümayəndə heyətinin Festivalda iştirakının beynəlxalq təmsilçilik imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Vurğulayıb ki, tədbirdə Azərbaycanı təmsil edən gənclər təşkilatlarının nümayəndələrinin ölkəmizin müsbət təcrübəsini iştirakçılarla bölüşməsi rəğbətlə qarşılanıb.

“Bildiyimiz kimi, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə sıx əməkdaşlıq edir. Bu qurum istər iqtisadi, istərsə də bir sıra digər müstəvilərdə dövlətimizin maraqlarının təmin olunması üçün önəmli platformadır. Azərbaycan həm nəqliyyat, həm təbii ehtiyatlar, həm də regionun siyasi mənzərəsində sahib olduğu yer, eyni zamanda, iqtisadi potensialı baxımından Şanxay Əməkdaşlıq Təşkilatı ilə qarşılıqlı faydalı maraqlara malikdir. Bu gün həm ikitərəfli, həm də çoxtərəfli formatda ŞƏT-ə üzv ölkələrlə əməkdaşlıq səmərəli şəkildə davam etdirilir və Azərbaycan dialoq üzrə tərəfdaş statusunda bu təşkilatın fəaliyyətində iştirak edir”, - deyə E.Behbud diqqətə çatdırıb.

Избранный
15
1
azertag.az

3Источники