21-26 mart 2026-cı il tarixlərində Tacikistanın Düşənbə şəhərində “Novruz-2026” İkinci Ümumdünya Gənclər Festivalı və Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin Gənclər Forumu keçirilib. Festivalda Azərbaycan nümayəndə heyəti də iştirak edib.
QHT.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvü, “Demokratik Azərbaycan Naminə” Gənclərin İctimai Birliyinin (DANİB) sədri, siyasi analitik Elməddin Behbud tədbirin ölkəmizin beynəlxalq təmsilçilik imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Elməddin Behbud qeyd edib ki, dövlətin milli maraqlarının ölkə xaricində qorunması və təşviqi istiqamətində vətəndaş cəmiyyəti institutlarının beynəlxalq platformalardan səmərəli istifadəsi son dərəcə vacibdir. Onun sözlərinə görə, bu sahədə dövlət qurumları tərəfindən qeyri-hökumət təşkilatlarının fəaliyyətinin stimullaşdırılması məqsədilə ardıcıl addımlar atılır.
E.Behbudun sözlərinə görə, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan nümayəndə heyətinin festivalda iştirakı xüsusilə önəm daşıyıb. O vurğulayıb ki, tədbirdə ölkəmizi təmsil edən gənclər təşkilatlarının nümayəndələri Azərbaycanın müsbət təcrübəsini digər iştirakçılarla bölüşüb və bu, rəğbətlə qarşılanıb.
Sədr vurğulayıb ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə sıx əməkdaşlıq münasibətlərinə malikdir. Onun fikrincə, bu platforma həm iqtisadi, həm də digər strateji istiqamətlər üzrə dövlət maraqlarının təmin olunması baxımından mühüm rol oynayır.
“Vətəndaş cəmiyyəti institutlarının beynəlxalq platformalardan səmərəli istifadəsi dövlətimizin milli maraqlarının ölkə xaricində təmin olunması baxımından son dərəcə vacibdir” – deyə Elməddin Behbud bildirib.
Elməddin Behbud əlavə edib ki, Azərbaycan nəqliyyat imkanları, təbii ehtiyatları, regional siyasi mövqeyi və iqtisadi potensialı baxımından ŞƏT ilə qarşılıqlı faydalı maraqlara sahibdir. O qeyd edib ki, hazırda həm ikitərəfli, həm də çoxtərəfli formatda təşkilata üzv ölkələrlə əməkdaşlıq uğurla davam etdirilir.
“Azərbaycan dialoq üzrə tərəfdaş statusunda ŞƏT-in fəaliyyətində iştirak edir və üzv ölkələrlə əməkdaşlıq səmərəli şəkildə davam etdirilir” – deyə sədr fikrini yekunlaşdırıb.
Fatimə Nəbiyeva