RU

Müharibə “üçlüyü”nün SÜLH təlaşı – Qarabağı boruya dəyişməmişdilər, İNDİ isə...

Erməni əsilli keçmiş ukraynalı diplomat və politoloq Tiqran Avakyan diqqətçəkən fikirlər səsləndirib. Avakyan hesab edir ki, hazırkı baş nazir Nikol Paşinyana alternativ yoxdur və onun opponentləri ölkədə yetərli tərəfdara sahib deyillər. Bu barədə o, özünün YouTube kanalında deyib.

“Ermənistan mürəkkəb vəziyyətdədir. Azərbaycanla tamamlanmamış münaqişə, sərhədlərlə bağlı çətin danışıqlar, regional qeyri-sabitlik, işləməyən xarici ittifaqların transformasiyası. Belə şəraitdə düşmənlərə sərf edən qəfil hakimiyyət dəyişikliyidir. Ona görə ki, bu vəziyyətdə institusional zəiflik dövrü yaranır. Yəni, xarici oyunçular bu məqamdan mütləq istifadə edəcəklər, çünki Ermənistan hazırda çox zəifdir”, - Avakyan vurğulayıb.

Lakin onun sözlərinə görə, bu o demək deyil ki, istənilən hakimiyyət dəyişikliyi qeyri-məqbuldur: “Əsas budur ki, bu dəyişiklik layiqli olmalıdır, sadəcə, kiminsə iqtidara gəlməsi kimi yox. Hələ mən açıq-aşkar rus agentlərindən danışmıram. Xaotik böhran yolu ilə hakimiyyət dəyişikliyi baş verməməlidir, ona görə ki, o halda Ermənistan, sadəcə, məhv ola bilər. Əgər üsyanlarla, inqilablarla oynasaq, onda Ermənistan olmayacaq”.

Erməni politoloq ardınca bildirib: “İndiki baş naziri kiminlə əvəz etməyi düşünürsünüz, boşluqla? Bəlkə Rusiyanın “FSB” zabitləri ilə? Hakimiyyətə gələn istənilən qüvvə ictimai legitimliyə malik olmalıdır. Ermənistan vətəndaşlarının əksəriyyəti bu legitimliyi hazırkı baş nazirə verib və böyük ehtimalla, növbəti seçkilərdə də verəcək. Bu mərhələdə istənilən hakimiyyət dəyişikliyi, inqilab, çevriliş ona gətirib çıxaracaq ki, Ermənistan olmayacaq”...

Türkə nifrətini gizlətməsə də, Avakyanın 7 iyun parlament seçkiləri ilə bağlı arqumentləri ümumən əsassız sayılmaz. Bununla o, öz soydaşlarını yeganə doğru seçimə çağırmaqla yanaşı, xəbərdarlıq edir: ya Nikol Paşinyanla yola davam, ya da Ermənistan məhv olacaq.

Baş nazirin özü də eyni şeyi söyləyir. Qarşıdakı seçkilərin hər şeydən öncə hərblə sülh arasında seçim olacağı barədə dönə-dönə xəbərdarlıq edir. Radikal revanşistlər sülhdən danışsa da, onların niyyətlərinin gerçəkdə indiyədək Azərbaycanla əldə olunan sülh anlaşmalarını sıfırlamaq olduğunu öz xalqına yorulmadan izah edir. Həm də yetərincə inandırıcı şəkildə...

Paşinyanın bir güclü arqumenti də odur ki, Ter-Petrosyan-Köçəryan-Sərkisyan faşist “üçlüyü” 24 illik hakimiyyət dövründə (1994-2018) münaqişənin həlli üçün Bakının təklif etdiyi ən sərfəli təklifləri rədd edib. Həqiqətən də həmin təkliflər qəbul olunsaydı, indi Bakı-Ceyhan neft, Bakı-Ərzurum qaz kəmərləri və Bakı-Qars dəmiryolu Tiflisdən yox, ən qısa marşrut kimi Ermənistandan keçər, erməni tərəfi yüz milyonlarla dollar tranzit gəliri götürər, üstəlik, ucuz neft məhsulları və qazla təmin olunardı.

Левон

Yada salaq, sabiq prezident Levon Ter-Petrosyan rəsmi Bakının təkliflərinə vaxtilə özündənrazı şəkildə belə cavab vermişdi: “Biz Qarabağı boruya dəyişmirik”. Dəyişmədilər də. Fəqət, nə qazandılar? Heç nə. Qarabağ da getdi, boru-kəmərlər də, şanslar da. Çox istəyirdilər, azdan da oldular. İndi bizdən neft məhsulları alırlar...

Doğrudur, Paşinyan da “ağ süddən çıxmış qaşıq” deyil. “Qarabağ Ermənistandır və nöqtə” deyən o. Ancaq Nikol artı “dəmir yumruq”dan sonra səhvini anlayıb və Qarabağı Azərbaycan ərazisi elan eləməklə “haqqın yoluna” gəlib. “Real Ermənistan”, qonşularla “sıfır problem” kursunu götürüb. Onun sələfləri isə hələ də köhnə və dağıdıcı mövqedədir, Paşinyanı “artsaxı” Azərbaycana verməkdə ittiham edirlər. Hazırkı “barıt qoxulu” konstitusiyanın dəyişdirilməsinin əleyhinədirlər.

Halbuki, Qarabağı heç kim Azərbaycana verməyib. O, sadəcə, gec də olsa, beynəlxalq hüquqla mənsub olduğu halal yiyəsinə qayıdıb. Ordumuzun gücü ilə. Ermənistan da ərazi itirməyib, öz sərhədlərində qalıb. Amma bu dəfə həqiqətən itirə, olan-qalan dövlətçiliyindən məhrum ola bilər, əgər bu xalq nankorluq edib Paşinyanı daha 5 illiyə baş nazir eləməsə. Bu da olsun bizim xəbərdarlığımız...

Z. SƏFƏROĞLU

Избранный
57
50
musavat.com

10Источники