Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvan metrosunda Qarabağdan köçmüş erməni qadınla mübahisəsi ölkə daxilində siyasi məsuliyyət mövzusunu yenidən gündəmə gətirib. Hadisə cəmiyyətdə geniş rezonans doğuraraq həm hakimiyyətin müharibədən sonrakı siyasətinə, həm də Qarabağ məsələsinə yanaşmasına dair müzakirələri gücləndirib.
Bəs bu hadisə ölkədaxili siyasi balansı və regionda sülh prosesini necə təsirləndirə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Paşinyanın “Qarabağda qalmağınız üçün hər şeyi etdik” fikri 2020-ci ildən sonra baş verən proseslərə işarədir.

“Ermənistan həmin dövrdə bölgədə ermənilərin qalması üçün müxtəlif addımlar atıb. Bu yanaşma faktiki olaraq müharibədən sonra da Azərbaycanın ərazisində separatizmin dəstəkləndiyini göstərir. Artıq bu mərhələ geridə qalıb və hazırda regionda yeni reallıqlar formalaşıb.
Paşinyanın Avropa platformalarında Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması müsbət siyasi xəttin davam etdiyini göstərir. Qarabağ ermənilərinin böyük hissəsinin Ermənistan vətəndaşlığı alması ilə məsələ faktiki bağlanmış hesab olunur və bu, sülh prosesinə ciddi maneə yaratmır”.
Bununla belə, ekspert daxili siyasi risklərə də diqqət çəkib.
“Ermənistanda revanşist qüvvələrin növbəti seçkilərdə hakimiyyətə gəlməsi ehtimalı istisna deyil. Belə bir ssenari baş verərsə, Qarabağ məsələsi yenidən gündəmə gətirilə və bu, ölkənin siyasi sabitliyi üçün ciddi təhlükəyə çevrilə bilər”.
Politoloq hazırkı mərhələdə Paşinyan hökumətinin apardığı siyasəti “rasional” kimi qiymətləndirərək, Azərbaycanın da sülh gündəliyini təşviq etdiyini vurğulayıb. Onun sözlərinə görə, tərəflərin mövcud reallıqları qəbul etməsi regionda uzunmüddətli sabitlik üçün əsas şərtdir.
Beləliklə, İrəvan metrosunda baş verən insident təkcə sosial narazılığın ifadəsi deyil, həm də Ermənistan daxilində siyasi məsuliyyət, keçmiş qərarların qiymətləndirilməsi və gələcək kursun müəyyənləşdirilməsi baxımından mühüm siqnal kimi dəyərləndirilir.
Aynurə İsmayıl
KONKRET.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.