“Barselona”nın hücumçusu Rafinya azarkeşlərin səsverməsinə əsasən UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.
Arena.az bu barədə UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.
Braziliyalı futbolu ÇL-in 1/8 final mərhələsinin cavab oyununda “Nyukasl”a (İngiltərə) qarşı keçirdikləri görüşdə (7:2) 2 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, səsvermədə Fransisko Trinkao (“Sportinq”), Vinisius Junior (“Real”) və Dominik Soboslaini (“Liverpul”) qabaqlayıb.
Xatırladaq ki, Rafinya “Avai”nin məzunudur. Karyerasının Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyul ayında “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində “Lids”dən tamhüquqlu əsasda “blauqrana”nın heyətinə qatıb. Braziliyalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Rafinya “Barselona” üçün 30 oyun keçirib, 19 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.
Rafinyanın “Barselona” karyerası ümumilikdə 174 oyun, 73 qol və 59 məhsuldar ötürmədən ibarətdir.
Braziliyalı hücumçu Kataloniya nəhəngi ilə 2022/2023-cü və 2024/2025-ci illər mövsümlərində İspaniya La Liqasını qazanıb, iki dəfə İspaniya Super Kubokunun (2022/2023, 2024/2025), bir dəfə İspaniya Kral Kubokunun (2024/2025) qalibi olub.
Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 36 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 29 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.
