AZ

Füzuli Məmmədov: “Zirə” ilə matçda ən azı 1 xala layiq idik” – ARENA.AZ

“Karvan”ın baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 25-ci turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşü meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Füzuli Məmmədov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Komandam çox yaxşı oynadı. Futbolçular matça ciddi hazırlaşmışdılar. Meydanda döyüşkən komanda var idi. Rəqibdən həm istək, həm keyfiyyət, həm də də taktiki cəhətdən geri deyildik. Əksinə bəzi epizodlarda üstün idik. Düzdür, qapımız qarşısında qol epizodları var idi. “Zirə” yaxşı komandadır. Amma biz də qələbə qazanmaq istəyirdik. Bu gün meydanda yumruq kimi komanda gördüm. Məğlubiyyət oyuna uyğun deyil. Matçın sonlarında səhvdən qol buraxmaq məni məyus edir. İstəmirdim ki, belə əzmkarlıqdan sonra məğlub olaq. Futbolçularım ən azı 1 xala layiq idilər. Amma nə etmək olar? “Zirə”ni təbrik edirəm. Öz futbolçularıma isə təşəkkür edirəm”.

Gənc mütəxəssis matçın baş hakimi Rəşad Əhmədovun işinə də qiymət verib:

“Rəşad oyunu pis idarə etmədi. Mübahisəli epizoda baxdım. Ola bilər ki, hər hansı toxunuş olsun. Amma bu, foul toxunuşu deyil. Futbol kontakt oyunudur. Futbolçunun niyyəti topu almaqdır. Topu alan zaman ayaq ayağa, çiyin çiyinə toxunur. Bunlar qayda pozuntusu deyil. Düşünürəm ki, Qavi həmin epizodda təmiz oynadı. Vurduğumuz qol sayılmalı idi. Sayılsaydı, bizim üçün daha yaxşı olardı”.

Füzuli Məmmədov “Karvan”ın Premyer Liqada qalmaq şanslarına da toxunub:

“Hazırda bütün diqqətimiz Premyer Liqadadır. Çalışırıq ki, burada qalaq. 11-ci yeri tutub pley-off oynasaq, bizim üçün yaxşı olar. Təbii ki, həmin oyunu əldən vermərik. Qarşıda “Şamaxı”, “Kəpəz” və “Qəbələ” ilə oyunlar var. Bugünkü kimi oynasaq, xallar qazana bilərik. Burada elə-belə infrastruktur qurulmayıb. Bazanın içində futbolçular üçün hər cür şərait yaradılıb. “Karvan” Birinci Liqaya düşsə belə, işlər davam edəcək. Stadionun ərazisində təbii örtüklü meydança hazırlanır. Bu işlər görülürsə, deməli rəhbərliyin bir planı var”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
6
2
arena.az

10Mənbələr