Ermənistanın baş naziri Nikol Paşinyan seçkiqabağı kampaniyası çərçivəsində Gümrüdə çıxış edərək ölkədə “üçüncü inqilab” ideyasını irəli sürüb.
Musavat.com-un “Qolos Armeniya”ya istinadən verdiyi xəbərə görə, Paşinyan tərəfdarları qarşısında çıxış edərkən bildirib ki, Ermənistan artıq iki siyasi mərhələ keçib və indi növbəti – “tarixi-siyasi inqilab” dövrünə qədəm qoymalıdır.
Baş nazirin fikrincə, bu mərhələ ölkənin uzunmüddətli dövlət strategiyasını formalaşdırmalı və Ermənistanı qısamüddətli siyasət modelindən inkişaf yönümlü siyasətə keçirməlidir.

Paşinyanın təqdim etdiyi məntiqə görə, 2018-ci ildə baş verən hakimiyyət dəyişikliyi “daxili siyasi inqilab”, 2021-ci il parlament seçkiləri isə “sosial-psixoloji inqilab” idi.
Onun sözlərinə görə, cəmiyyət həmin seçkilərdə ölkənin gələcək siyasi kursunu müəyyən edən yeni mərhələyə razılıq verib. Baş nazir iddia edir ki, qarşıdan gələn seçkilər bu prosesin yekun mərhələsi olacaq və Ermənistanın siyasi sistemində fundamental dəyişikliklərə gətirib çıxaracaq.
Baş nazir seçkilərdə yalnız sadə parlament çoxluğu ilə kifayətlənmək niyyətində olmadığını da açıq şəkildə bildirib. O, hakim “Vətəndaş Müqaviləsi” partiyasının parlamentdə təxminən 65 faiz səs toplayaraq konstitusion çoxluq əldə etməli olduğunu vurğulayıb. Paşinyanın sözlərinə görə, belə nəticə hökumətə geniş siyasi mandat verəcək və planlaşdırılan islahatları həyata keçirməyə imkan yaradacaq.

Lakin seçki kampaniyasının bu iddialı bəyanatları Ermənistanın daxili siyasi vəziyyəti fonunda ciddi müzakirələr doğurur. International Republican Institute (IRI) tərəfindən aparılan telefon sorğusunun nəticələrinə görə, əgər seçkilər yaxın bazar günü keçirilsəydi, Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə cəmi 24 faiz səs toplaya bilərdi. Sorğuda iştirak edən 1500-dən çox respondent arasında müxalif qüvvələrin reytinqləri isə xeyli aşağı göstərilib.
Bununla belə, sorğunun ən diqqətçəkən nəticəsi Ermənistan cəmiyyətində böyük siyasi qeyri-
Araşdırma göstərir ki, respondentlərin təxminən 50 faizi ya hansı siyasi qüvvəyə səs verəcəyini hələ müəyyən etməyib, ya da ümumiyyətlə heç bir partiyaya etibar etmədiyini bildirib.
Analitiklərin fikrincə, bu böyük qərarsız elektorat qarşıdakı seçkilərin əsas taleyini müəyyən edə bilər. Çünki seçici fəallığı yüksək olarsa, siyasi balansın ciddi şəkildə dəyişməsi ehtimalı da artır.
Bir sıra ekspertlər sorğunun nəticələrinə şübhə ilə yanaşır və Paşinyanın real dəstəyinin göstərilən rəqəmlərdən daha aşağı ola biləcəyini iddia edirlər. Onların fikrincə, telefon sorğularında vətəndaşlar bəzən açıq mövqe bildirməkdən çəkinir və ya ümumiyyətlə cavab verməkdən imtina edir. Bu isə ictimai rəyin real mənzərəsini tam əks etdirməyə bilər. Digər tərəfdən, müxalif düşərgədə mümkün koalisiya müzakirələri də gündəmdədir. Analitiklər hesab edirlər ki, əgər Samvel Karapetyan, Robert Köçəryan və Qaqik Tsarukyan kimi siyasi fiqurlar geniş siyasi ittifaq yarada bilsələr, bu halda hakimiyyət üçün ciddi rəqabət formalaşa bilər. Belə bir koalisiya seçki kampaniyasının gedişində siyasi qüvvələr balansını dəyişdirə və parlamentdə yeni çoxluğun formalaşmasına gətirib çıxara bilər.
Musavat.com