Fransa Prezidenti Emmanuel Makron bu gün tam məxfi hərbi bazaya baş çəkib, Fransa və Avropa təhlükəsizliyi üçün yenilənmiş nüvə strategiyasından bəhs edəcək.
Redaktor.az-ın Avropa bürosu Fransa mediasına istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) yeganə nüvə dövləti olan Fransa indiyədək ABŞ tərəfindən Avropaya təqdim edilən "nüvə çətiri"ni əvəzləmək potensialına malik olduğunu artıq bəyan edib.
Yelisey sarayı bildirib ki, onun Bretandakı Brest limanında gəmidə edəcəyi çıxış Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsindən əvvəl - 2020-ci ildə nüvə çəkindirməsi ilə bağlı etdiyi çıxışa əsaslanacaq. Lakin ciddi geosiyasi dəyişikliklər fonunda hamı yeni tezislər gözləyir.
Bu yaxınlarda İsveçin Fransanın "nüvə çətiri" ideyasını rədd etməsinə baxmayaraq, bəzi Avropa ölkələri bu məsələni müzakirə etməyə hazırdır. Ayın əvvəlində Almaniya Kansleri Fridrix Merts bəyan edib ki, bu məsələ ilə bağlı Makronla danışıqlar aparıb və Fransa nüvə bombalarının daşınması üçün Almaniya Hərbi Hava Qüvvələrinin təyyarələrindən istifadənin mümkünlüyü barədə açıq şəkildə fikir bildirib.
Makronun özü Münxen Təhlükəsizlik Konfransında çıxış edərkən nüvə çəkindirmə doktrinasının yenidən formalaşdırılması zərurətini bəyan edib və milli təhlükəsizlik proqramının bütün Avropaya uyğunlaşdırılması məsələsini müzakirə etdiyini bildirib.
İddiaya görə, Fransa Prezidentinin çıxışı Avropa paytaxtlarında və Brüsseldə diqqətlə təhlil ediləcək. Bu, həm Ukraynada müharibə başlayandan bəri Rusiyanın dəfələrlə nüvə silahı tətbiq etmək hədələri, həm transatlantik münasibətlərin davamlılığına olan inamsızlıq, həm də Yaxın Şərqdəki son hadisələrlə əlaqədardır.