Fransa Prezidenti Emmanuel Makron Fransanın nüvə başlığı sayını artıracağını və qitənin müdafiəsi üçün Avropanın səkkiz ölkəsi ilə sıx əməkdaşlıq edəcəyini açıqlayıb.
Moderator.az-ın məlumatına görə, Makron bu barədə Brest limanındakı "İl-Lonq" bazasında çıxışı zamanı bildirib.
"Arsenalımızın modernləşdirilməsi olduqca zəruridir. Çoxsaylı təhdidlər qarşısında nüvə çəkindirmə gücümüzü artırmalıyıq", - Makron qeyd edib.
O, Fransanın yeni doktrinasını "təkmilləşdirilmiş çəkindirmə" adlandırıb.
Fransa dünyada dördüncü ən böyük nüvə arsenalına sahibdir və bu arsenal təxminən 290 nüvə başlığı olaraq qiymətləndirilir.
Makron qeyd edib ki, Avropanın səkkiz ölkəsi Fransanın təklif etdiyi bu yeni nüvə çəkindirmə sxemində iştirak etməyə razılıq verib. O həmin ölkələrin adlarını sadalayıb: Almaniya, Böyük Britaniya, Polşa, Niderland, Belçika, Yunanıstan, İsveç və Danimarka.
Həmin ölkələrin ərazisində Fransanın strateji hava qüvvələri yerləşdirilə bilər ki, bu da ehtiyac yarandıqda müdafiəni təmin etmək üçün bütün Avropa qitəsinə yayılmağa imkan verəcək.
Fransa mediasının məlumatına görə, "İl-Lonq" bazasında Fransanın ballistik raketlərlə təchiz olunmuş dörd sualtı qayığı yerləşir.