AZ

Makron: Fransa nüvə başlıqlarının sayını artıracaq - YENİLƏNİB

Fransa Prezidenti Emmanuel Makron Fransanın nüvə başlığı sayını artıracağını və qitənin müdafiəsi üçün Avropanın səkkiz ölkəsi ilə sıx əməkdaşlıq edəcəyini açıqlayıb.

"Far.Az"un Avropa bürosunun məlumatına görə, Makron bu barədə Brest limanındakı "İl-Lonq" bazasında çıxışı zamanı bildirib.

"Arsenalımızın modernləşdirilməsi olduqca zəruridir. Çoxsaylı təhdidlər qarşısında nüvə çəkindirmə gücümüzü artırmalıyıq", - Makron qeyd edib.

O, Fransanın yeni doktrinasını "təkmilləşdirilmiş çəkindirmə" adlandırıb.

Fransa dünyada dördüncü ən böyük nüvə arsenalına sahibdir və bu arsenal təxminən 290 nüvə başlığı olaraq qiymətləndirilir.

Makron qeyd edib ki, Avropanın səkkiz ölkəsi Fransanın təklif etdiyi bu yeni nüvə çəkindirmə sxemində iştirak etməyə razılıq verib. O həmin ölkələrin adlarını sadalayıb: Almaniya, Böyük Britaniya, Polşa, Niderland, Belçika, Yunanıstan, İsveç və Danimarka.

Həmin ölkələrin ərazisində Fransanın strateji hava qüvvələri yerləşdirilə bilər ki, bu da ehtiyac yarandıqda müdafiəni təmin etmək üçün bütün Avropa qitəsinə yayılmağa imkan verəcək.

Fransa mediasının məlumatına görə, "İl-Lonq" bazasında Fransanın ballistik raketlərlə təchiz olunmuş dörd sualtı qayığı yerləşir.

Fransa Prezidenti Emmanuel Makron bu gün tam məxfi hərbi bazaya baş çəkib, Fransa və Avropa təhlükəsizliyi üçün yenilənmiş nüvə strategiyasından bəhs edəcək.

"Far.Az"un Avropa bürosu Fransa mediasına istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) yeganə nüvə dövləti olan Fransa indiyədək ABŞ tərəfindən Avropaya təqdim edilən "nüvə çətiri"ni əvəzləmək potensialına malik olduğunu artıq bəyan edib.

Yelisey sarayı bildirib ki, onun Bretandakı Brest limanında gəmidə edəcəyi çıxış Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsindən əvvəl - 2020-ci ildə nüvə çəkindirməsi ilə bağlı etdiyi çıxışa əsaslanacaq. Lakin ciddi geosiyasi dəyişikliklər fonunda hamı yeni tezislər gözləyir.

Bu yaxınlarda İsveçin Fransanın "nüvə çətiri" ideyasını rədd etməsinə baxmayaraq, bəzi Avropa ölkələri bu məsələni müzakirə etməyə hazırdır. Ayın əvvəlində Almaniya Kansleri Fridrix Merts bəyan edib ki, bu məsələ ilə bağlı Makronla danışıqlar aparıb və Fransa nüvə bombalarının daşınması üçün Almaniya Hərbi Hava Qüvvələrinin təyyarələrindən istifadənin mümkünlüyü barədə açıq şəkildə fikir bildirib.

Makronun özü Münxen Təhlükəsizlik Konfransında çıxış edərkən nüvə çəkindirmə doktrinasının yenidən formalaşdırılması zərurətini bəyan edib və milli təhlükəsizlik proqramının bütün Avropaya uyğunlaşdırılması məsələsini müzakirə etdiyini bildirib.

İddiaya görə, Fransa Prezidentinin çıxışı Avropa paytaxtlarında və Brüsseldə diqqətlə təhlil ediləcək. Bu, həm Ukraynada müharibə başlayandan bəri Rusiyanın dəfələrlə nüvə silahı tətbiq etmək hədələri, həm transatlantik münasibətlərin davamlılığına olan inamsızlıq, həm də Yaxın Şərqdəki son hadisələrlə əlaqədardır.

Seçilən
1
1
far.az

6Mənbələr