İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqdəki ABŞ bazalarına qarşı yeni raket hücumları dalğasının başladığını elan edib.
Publika.az xəbər verir ki, bu barədə ISNA məlmat yayıb.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti İranın strateji hava hücumundan müdafiə sistemlərinə zərbələr endirmək üçün genişmiqyaslı əməliyyat keçirildiyi barədə məlumat yaymışdı. Hədəflərdən biri İranın qərbində, Kirmanşah bölgəsində yerləşdirilmiş müasir "SA-65" HHM sistemi olub.
İran ilə ABŞ arasında danışıqlar prosesi davam edərkən, İsrail və ABŞ səhər saatlarında İrana birgə hücumlar təşkil edib. İsrail Müdafiə Nazirliyi İrana qarşı preventiv hücum başlatdığını bəyan edib. ABŞ Prezidenti Donald Tramp da İrana yönəlik "böyük bir əməliyyat" başlatdıqlarını bəyan edib.
Hücumlar çərçivəsində paytaxt Tehran, İsfahan, Kərəc, Qum, Təbriz, Buşəhr, Kirmanşah və İlam şəhərləri hədəf alınıb. İsrail və İran hava məkanını bağlayarkən, İsrail daxilində fövqəladə vəziyyət elan edilib və sirenlər çalınıb.