RU

Nyu-Yorkda Xocalı soyqırımı ilə bağlı aksiya təşkil olunub

Bakı, 25 fevral, AZƏRTAC

Hər il olduğu kimi, bu il də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının təşkilatçılığı ilə ABŞ-nin Nyu-York şəhərində Xocalı soyqırımı haqqında genişmiqyaslı məlumatlandırma aksiyası keçirilib.

Komitədən AZƏRTAC-a verilən məlumata görə, aksiya zamanı Xocalı faciəsinin dəhşətlərini əks etdirən fotoşəkillərin və soyqırımı qurbanları barədə məlumatların nümayiş olunduğu LED ekranlı avtomobillər Nyu-Yorkun mərkəzi küçələrində hərəkət edib. Əhalinin sıx toplaşdığı məkanlarda, rəsmi qurumların binaları qarşısında dayanaraq tarixin ən dəhşətli və amansız qətliamı ilə bağlı vacib məlumatları ictimaiyyətin diqqətinə çatdırıb. Avtomobillər Tayms meydanından, BMT-nin Baş Qərargah binası önündən, Uoll Strit küçəsindən, Bruklin körpüsündən, Azadlıq heykəli ətrafından, Mərkəzi park və meydanlardan keçərək “Nyu-York Tayms” (“The New York Times”) nəşrinin binasının qarşısında dayanıb.

LED ekranlarda "Xatırla, hörmət et, düşün - Xocalı 1992", "34 il sonra, biz hər bir ruhu xatırlayırıq", "Xocalı 1992-ci il faciəsi - dünya bunu unutmamalıdır", "Xocalı - onların cəsarəti və ağrısı bizimlədir", "Xocalı qurbanlarını anır, xatirələrini əziz tuturuq", "Xocalı soyqırımını unutma", "Maarifləndir, ədalət tələb et və həmrəylik göstər", "Birlikdə xatırlayırıq, birlikdə yas tuturuq, birlikdə müdafiə edirik", "Xocalı üçün ədalət", "Faciədən xatirəyə - Xocalı yaşayır", "Günahsızlar üçün xatırla, ədalət üçün danış", "Bir soyuq gecə - minlərlə itki", "34 il sonra da Xocalı danışır" kimi şüarlar nümayiş olunub. Tarixi faktlara və daha ətraflı məlumatlara keçid imkanı yaradan QR kodlar vasitəsilə şəhər sakinləri məlumatlandırılıb.

Qeyd edək ki, eyni vaxtda ABŞ-nin paytaxtı Vaşinqtonda və Boston şəhərində də bu cür məlumatlandırma aksiyaları keçirilib.

Избранный
7
7
azertag.az

9Источники