RU

Beynəlxalq ictimaiyyət Xocalı soyqırımına hüquqi qiymət verməlidir

İllər ötdükcə ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecədə Xocalıda törətdikləri qətliamın miqyası daha aydın dərk olunur. Bir soyuq qış gecəsində şəhərə ağır texnika ilə hücum çəkilməsi və onun yerlə-yeksan edilməsi indiyədək bəşəriyyətin üzləşdiyi ən ağır müharibə cinayətlərindən biridir.  Təsadüfi deyildir ki, bu faciə dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda kimi soyqırımları ilə müqayisə olunur.

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Xocalı soyqırımının ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb. Bəyanat Xocalı soyqırımının ildönümü ilə əlaqədar Xankəndidə yerləşən Qarabağ Universitetində keçirilən tədbirdə səsləndirilib.

Sistemli və məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsi

Tarix boyunca imperialist güc mərkəzləri tərəfindən dəstəklənən ermənilər Azərbaycan xalqına qarşı dəfələrlə özlərinin mənfur niyyətlərini ortaya qoyublar. Xalqımız  təkcə XX əsrdə indiki Ermənistan ərazisində 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə olmaqla düz 4 dəfə dəhşətli deportasiyalara məruz qalıb. Bu siyasət keçmiş Dağlıq Qarabağ münaqişəsinin mövcud olduğu dövrdə daha amansız şəkildə davam etdirilib və çoxsaylı müharibə cinayətləri törədilib.

Xocalı faciəsi bu müharibə cinayətləri arasında xüsusi amansızlıqla törədilməsi ilə diqqət çəkir. Ombudsman Səbinə Əliyevanın yaydığı bəyanatda Xocalı faciəsi Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş məkrli siyasətin tərkib hissəsi kimi dəyərləndirilib. Bəyanatda oxuyuruq: “26 fevral 1992-ci il tarixində Xocalı şəhərində 106-sı qadın, 63-ü uşaq və 70-i ahıl olmaqla, ümumilikdə, 613 nəfər dinc və silahsız mülki əhalinin etnik mənsubiyyətinə görə məqsədli şəkildə, ağır işgəncələrə məruz qalaraq qətlə yetirilməsindən 34 il ötür.

Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə Xocalı şəhərində məhz etnik azərbaycanlı olduqlarına görə mülki əhalinin amansızcasına qətlə yetirilməsi Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş sistemli və məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsi olmuşdur”.

Bütövlükdə, Xocalı faciəsinin miqyası çox böyükdür. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 130 uşaq bir valideynini, 25 uşaq isə hər iki valideynini itirib, habelə 68-i qadın, 26-sı uşaq olmaqla 1275 nəfər girov götürülüb, bir sıra digər ağır müharibə cinayətləri törədilib. “Soyqırımı cinayətinin əlamətlərini özündə ehtiva edən bu ağır cinayət əməli bəşər tarixinin ən faciəvi səhifələrindən biri olmaqla, fundamental insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasıdır. Əvvəlcədən planlaşdırılmış bu cinayətlər etnik azərbaycanlıları milli əlamətlərinə görə qətlə yetirmək, onları tarixən yaşadıqları torpaqlardan zorla didərgin salmaq, əhali arasında qorxu və vahimə yaratmaq məqsədi daşımışdır”, - deyə ombudsman vurğulayıb.

Beynəlxalq hüququn kobud şəkildə pozulması

Ötən əsrin doxsanıncı illərinin əvvəlində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə başlaması, torpaqlarımızı zəbt etməsi beynəlxalq hüquqla daban-dabana ziddiyyət təşkil edirdi. Təəssüf ki, beynəlxalq qurumlar Ermənistanın aqressiyasına adekvat qiymət vermədilər, təcəvüzkar dövlət cəzalandırılmadı və tarixi ədaaləti, beynəlxalq hüququ otuz ildən sonra Azərbaycanın özü təmin etmək məcburiyyətində qaldı.

O cümlədən Xocalı faciəsinin törədilməsi də beynəlxalq hüququn kobud şəkildə pozulması demək idi. Ombudsmanın bəyanatında bu məqama xüsusi diqqət çəkilərək vurğulanıb: “Xocalı soyqırımı törədilən zaman beynəlxalq insan hüquqları hüququ, beynəlxalq humanitar hüquq normaları, o cümlədən “Mülki və siyasi hüquqlar haqqında”, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” beynəlxalq paktların, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında”, “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə”, “Uşaq hüquqları haqqında”, “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında”, həmçinin “Müharibə qurbanlarının müdafiəsi haqqında” Cenevrə konvensiyalarının müddəaları, xüsusilə insanların yaşamaq, şəxsi toxunulmazlıq, mülkiyyət, işgəncəyə məruz qalmamaq və digər fundamental hüquqları kobud şəkildə pozulmuşdur”.

Əlbəttə, Xocalı faciəsinin baş verməsində o dövrdə respublikamızda hakimiyyətdə olan qüvvələrin də məsuliyyəti var. Həmin ərəfədə ermənilərin silahlanmasına, hücuma keçməyə hazırlaşmalarına aid xəbərlər gəlirdi. Xocalı sakinlərinin yaratdıqları yerli özünümüdafiə dəstələrinin müqavimətinə baxmayaraq, şəhər ətrafında mühasirə həlqəsi getdikcə daralırdı. Bakıdan, respublika rəhbərliyindən kömək istənilirdi. Bununla belə, xocalıların fəryadına ögey münasibət bəslənildi. Şəhərin müdafiəsi, oradan əhalinin çıxarılması üçün hansısa bir tədbir görülmədi və nəticədə faciə qaçılmaz oldu.

Eyni zamanda, siyasi çəkişmələrin nəticəsi olaraq 1992-ci ilin yazında qeyri-qanuni yolla hakimiyyətə gələn AXC- “Müsavat” iqtidarı Xocalı faciəsinə hüquqi-siyasi qiymət verməyə tələsmədi. Xocalı faciəsinə siyasi qiymət 1993-cü ilin yayında xalqın tələbi ilə Azərbaycanın siyasi hakimiyyətinə qayıdan böyük siyasətçi Heydər Əliyevin təkidli səyləri sayəsində verilib. Bəyanatda bu mühüm məqama, həmçinin “Xocalıya ədalət” kampaniyasına diqqət çəkilərək vurğulanıb: “Xocalı soyqırımına ilk siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən verilmiş və 26 fevral tarixi Xocalı Soyqırımı Günü kimi elan olunmuşdur.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, bu cinayət əməlinə hüquqi və siyasi qiymətin verilməsi məqsədilə davamlı olaraq həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası bu soyqırımı hadisəsi ilə bağlı beynəlxalq səviyyədə məlumatlılığın artırılması və ədalətin bərqərar olunması baxımından mühüm əhəmiyyət kəsb edir”.

Təqsirkar şəxslərin hamısı ədalət mühakiməsinə cəlb edilməlidir

Vətən müharibəsindən və lokal xarakterli antiterror əməliyyatından sonra işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Xocalı şəhərində yenidənqurma işləri sürətlə aparılır, sakinlər öz doğma torpaqlarına qayıdırlar.

Həmin ərazilərdə aparılan bərpa və quruculuq işləri zamanı kütləvi məzarlıqlar aşkarlanıb, işgəncələrə məruz qalaraq qətlə yetirilmiş insanların qalıqları tapılaraq identifikasiya edilib və dəfn olunub. Bəyanatda bildirildiyi kimi, bu faktlar Xocalı soyqırımının və törədilmiş ağır müharibə cinayətlərinin danılmaz və təkzibedilməz sübutlarıdır.

Xocalı soyqırımında və xalqımıza qarşı törədilən cinayətlərdə iştirak edən bir sıra şəxslər lokal xarakterli antiterror əməliyyatından sonra həyata keçirilən tədbirlər zamanı tutulub və artıq onlar beynəlxalq hüquq normaları nəzərə alınmaqla Azərbaycan Respublikasının milli qanunvericiliyi çərçivəsində mühakimə olunurlar. “Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edir, beynəlxalq təşkilatları və dünya ictimaiyyətini XX əsrin ən qanlı qətliamlarından biri sayılan bu soyqırımı cinayətinə hüquqi qiymət verilməsi, dəhşətli cinayət əməlinin törədilməsində təqsirkar şəxslərin hamısının ədalət mühakiməsinə cəlb edilməsi istiqamətində qətiyyətli addımlar atmağa dəvət edirəm”, - deyə ombudsman vurğulayıb.

Xatırladaq ki, bəyanat BMT-nin Baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan hüquqları üzrə ali komissarına, BMT-nin Qaçqınlar üzrə ali komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, həmçinin Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

Mübariz ABDULLAYEV

Избранный
3
36
yeniazerbaycan.com

10Источники