AZ

Ombudsmanın beynəlxalq ictimaiyyətə Xocalı soyqırımı çağırışı

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Xocalı soyqırımının ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb.

Bəyanatda qeyd edilir ki, 1992-ci ilin 26 fevralında Xocalı şəhərində 106-sı qadın, 63-ü uşaq və 70-i ahıl olmaqla, ümumilikdə, 613 nəfər dinc və silahsız mülki əhalinin etnik mənsubiyyətinə görə məqsədli şəkildə, ağır işgəncələrə məruz qalaraq qətlə yetirilməsindən 34 il ötür: “Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə Xocalı şəhərində məhz etnik azərbaycanlı olduqlarına görə mülki əhalinin amansızcasına qətlə yetirilməsi Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş sistemli və məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsi olmuşdur”.

Bəyanatda daha sonra deyilir ki, Xocalı soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 130 uşaq bir valideynini, 25 uşaq isə hər iki valideynini itirmiş, habelə 68-i qadın, 26-sı uşaq olmaqla 1275 nəfər girov götürülmüş, ağır müharibə cinayətləri törədilmişdir: “Əvvəlcədən planlaşdırılmış bu cinayətlər etnik azərbaycanlıları milli əlamətlərinə görə qətlə yetirmək, onları tarixən yaşadıqları torpaqlardan zorla didərgin salmaq, əhali arasında qorxu və vahimə yaratmaq məqsədi daşımışdır”.

Azərbaycan Ombudsmanı dünya ictimaiyyətinə bəyan edir ki, Xocalı soyqırımı törədilən zaman beynəlxalq insan hüquqları, beynəlxalq humanitar hüquq normaları, o cümlədən “Mülki və siyasi hüquqlar haqqında”, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” beynəlxalq paktların, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında”, “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə”, “Uşaq hüquqları haqqında”, “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında”, həmçinin “Müharibə qurbanlarının müdafiəsi haqqında” Cenevrə konvensiyalarının müddəaları, xüsusilə insanların yaşamaq, şəxsi toxunulmazlıq, mülkiyyət, işgəncəyə məruz qalmamaq və digər fundamental hüquqları kobud şəkildə pozulmuşdur.

Ombudsmanın BMT-nin Baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan hüquqları üzrə ali komissarına, BMT-nin Qaçqınlar üzrə ali komissarına, BMT-nin İnsan Hüquqları Şurasına,

UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına və bir sıra digər siyasi-diplomatik qurumlara ünvanladığı çağırış bu sözlərlə bitir: “Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edir, beynəlxalq təşkilatları və dünya ictimaiyyətini XX əsrin ən qanlı qətliamlarından biri sayılan bu soyqırımı cinayətinə hüquqi qiymət verilməsi, dəhşətli cinayət əməlinin törədilməsində təqsirkar şəxslərin hamısının ədalət mühakiməsinə cəlb edilməsi istiqamətində qətiyyətli addımlar atmağa dəvət edirəm”.

XQ

Seçilən
4
7
xalqqazeti.az

10Mənbələr