Əsas məqsədi nəfsə hakim olmaq, israfçılıqdan qaçmaq, ac qalan insanları xatırlamaq, Allahın saysız-hesabsız nemətlərinə şükür edib onları paylaşmaq olan Ramazan ayında çox təəssüf ki, uyğun olmayan mənzərələrlə də qarşılaşırıq. Belə hallar əsasən paytaxtda fəaliyyət göstərən restoranlarda müşahidə olunur.
Publika.az Bakıdakı kafe və restoranlarda iftar süfrələrinin qiyməti ilə maraqlandı. Aydın oldu ki, sanki oruc tutan insanların inancından, həssaslığından istifadə edirlər. Belə olan halda insan yalnız bu sualı düşünür: Nə qədər pulum var?
Lüks restoranlardakı iftar menyularının qiymətini görəndə "bu, ibadətdir, yoxsa biznes fürsəti?" deyə düşünür insan. Bəli, bu artıq fürsətə çevrilib. Çünki həmin məkanlarda bir nəfərin iftara xərcləyəcəyi pul, təxminən bir ailənin aylıq qida pulu səviyyəsindədir.
Əslində, toxunduğumuz mövzunun mənbəyi sosial şəbəkələr və istifadəçilərin giley-güzarıdır. Qiymət siyahıları Bakı sakinlərində şok effekti yaradıb. 10.90 AZN-lik ("Konak Baku") və 20 AZN-lik ("Sədəf") "ucuzvari" süfrələr də var, amma paytaxtın mərkəzi hissələrində və beşulduzlu hotellərdəki qiymətlər cib yandırır.
Allaha ibadət edən insanlara 120-150 AZN-lik iftar menyusu təklif olunursa, burada mənəviyyatdan danışmağa dəyərmi?