ain.az, Gununsesi portalına istinadən məlumat verir.
Bu gündən etibarən Azərbaycanda müqəddəs Ramazan ayı başlayıb. Müsəlman aləmi üçün xüsusi mənəvi əhəmiyyət daşıyan bu ayda hər kəs ibadətini artırır, oruc tutur, ailə süfrələri ətrafında bir araya gəlir və xeyriyyəçilik ənənələrini davam etdirir.
Milli Məclisin deputatları Ramazan ayında oruc tutub iftar süfrələri təşkil edirlərmi?
Razi Nurullayev Ramazan ayında oruc tutduğunuvə iftar süfrələrinin təşkil etdiyini deyib.
Tural Gəncəliyev Ramazan ayının tələblərinə cavab verən duaların və ritualları edəcəyini deyib:
“İlk öncə Ramazan ayının başlanması ilə əlaqədər hər kəsi təbrik edirəm. Bəli, mən də oruc tutacam. İftar süfrəsi ilə bağlı qismət olarsa həm iştirak etmək, həm də təşkildə kömək etmək hər birimizin borcudur. Qismət olarsa, mən də bu addımı atacam”.
Ceyhun Məmmədov bildirib ki, hər il olduğu kimi, bu il də oruc tutacaq:
“Oruc tutmaq hər bir müsəlman üçün vacibdir. Oruc ibadət ilə yanaşı həm də bir saflaşma, paklaşma ayıdır. Eyni zamanda iftar verməyi də planlaşdırıram. Ramazan ayının ən önəmli əməllərindən biri iftar məclislərinin təşkili və bu məclislərin böyük savabı var. Bu mənada, mən də həm oruc tutacam, həm də iftar verəcəm.”
Arzuxan Əlizadə qeyd edib ki, imkan daxilində oruc tutacaq:
“Əvvəlki illərdə daima tutmuşam. Bu il sağlamlığım buna imkan verəcək, bunu bilmirəm, ancaq çalışacam ki, oruc tutum, ən azından bir neçə gün. İftar süfrələri də hər il verilir. Partiya üzvlərimizin, dostlarımızın və oruc tutan yaxınlarımızın iştirakı ilə”.
Elnarə Akimova bildirib ki, Ramazan ayında oruc tutmaq onun üçün xüsusi bir ritüaldır:
“Bu, mənim üçün bir ritual xarakteri daşıyır. Ramazan ən sevdiyim aydır. Sevərək gözləyirəm, oruc tuturam, iftar süfrəsi açıram. Bu mübarək aya ruhumuzun, varlığımızın yeniləndiyi zaman kəsimi kimi baxıram. Allah tutulan bütün orucları qəbul eləsin!”
Hikmət Babaoğlu isə bildirib ki, uzun illər oruc tutsa da, hazırda səhhəti buna imkan vermir:
“Ramazan ayı mənəvi saflıq və sosial bərabərliyi təmin edən aydır. Təşkil olunmuş Ramazan süfrələrində həvəslə iştirak edirəm və bəzən özüm də süfrə təşkil etməklə bu prosesdə rol oynayıram”.
Şəbnəm Rəhimova
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.