“Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlar aparılsa da, ciddi nəticə əldə olunmur”.
Bu sözləri Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Hit.az-a açıqlamasında deyib.
O, bunun səbəblərindən bəhs edib:
“Rusiya-Ukrayna danışıqları ona görə nəticə vermir ki, Kremlin tələbləri tamamilə Ukraynanın ərazi bütövlüyünün pozulmasıdır. Rusiya faktiki olaraq, Donbasın onlara verilməsi tələb edir. Həmçinin, Donbasın qalan hissəsinin də döyüşsüz təslim edilməsini istəyirlər. Təbii ki, bu da Ukrayna tərəfindən qəbul edilməz faktdır”.
Siyasətçi qeyd edib ki, buna nə Ukrayna xalqı, nə də Prezident Volodimir Zelenski razıdır:
“Ona görə də tərəflər arasında keçirilən görüşlər müsbət nəticələnmir. Təəssüf ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Zelenskiyə Kremlin şərtlərini qəbul etməsi üçün təzyiqlər edir ki. Lakin Avropa İttifaqının, eləcə də Böyük Britaniyanın dəstəyi Ukraynanın burda mövqeyini də gücləndirir.
Düşünürəm ki, indiki vəziyyətdə ortaq məxrəcə gəlmək çətin olacaq. Hazırda Zelenski də vaxt udur, çünki aralıq seçkiləri yaxınlaşdıqca Tramp da Rusiyaya təzyiqlər edəcək. O, Konqresdə mövqelərinin güclənməsi və respublikaçıların yerlər tutması üçün Ukraynaya dəstəyini artıracaq”.
Politoloq həmin dəstəyin nədən ibarət olacağı barədə isə bunları deyib:
“ABŞ Ukraynaya əlavə silahların verilməsi mümkündür. Bununla da Rusiyanın mövqeyini həm danışıqlar masasında, həm də cəbhədə kifayət qədər zəifləyə bilər. Ümumiyyətlə, Zelenski torpaq güzəştinə gedə bilməz. Zelenskinin təklifi ondan ibarətdir ki, Donbas iqtisadi zona, hərbiləşdirilməmiş ərazi kimi təsbit edilsin, həmçinin orada qoşunlar dayansın. O, bununla da danışıqların başlamasını təklif edir. Rusiya isə buna getmir. Bütün bunlara görə iki ölkə arasındakı danışıqların müsbət istiqamətdə gedib sülh prosesi ilə yekunlaşması hələlik mümkün görünmür”.
Elmir Mustafa