AZ

“UKRAYNA ƏN AĞIR GÜZƏŞTƏ HAZIRLAŞIR” Detallar AÇIQLANDI

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Zelenski “ruslar məndən yaxa qurtarmaq istəyir” deyir

Ötən gün Qərb mətbuatı Volodimir Zelenskinin fevralın 24-də yeni seçki və sülh müqaviləsilə bağlı referendum elan edəcəyini yazmışdı. Həmin məlumata görə, seçki və referendumun tarixi may ayına təyin olunacaq. Zelenskinin ofisi bu məlumata birmənalı olmasa da, təkzib xarakterli münasibət bildirdi...

İndi isə "The Atlantic" qəzetinin məşhur jurnalisti Saymon Şuster Ukrayna Prezidentinin iki müşavirinə istinadla bildirib ki, Ukrayna hakimiyyəti Rusiya ilə danışıqlarda ən çətin güzəştə getməyə və Donetsk vilayətinin şərq hissəsindəki ərazi üzərində nəzarətdən imtina etməyə hazırlaşır.

“AzPolitika” xəbər verir ki, Şusterin sözlərinə görə, Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirill Budanov Zelenskinin köməkçiləri ilə Ukraynanın Donetsk vilayətinin müəyyən ərazilərindən qoşunlarını çıxarmaq üçün yerinə yetirməli olduğu hüquqi və praktiki şərtlərlə bağlı müzakirələr aparır. Eyni zamanda, onlar elə etmək istəyirlər ki, rus qoşunları həmin əraziyə girməsin və çalışacaqlar ki, xalqı belə bir razılaşmaya səs verməyə inandırsınlar.

Müzakirələrdə iştirak edən Ukrayna rəsmisi bildirib ki, onlar bu razılaşmanı insanlar üçün məqbul etməyin yollarını axtarırlar.

Şusterlə söhbətində Zelenski deyib ki, prezident seçkiləri ilə eyni vaxtda ərazi məsələsilə bağlı referendum keçirilməsinə etiraz etməyəcək, lakin səsverməyə çıxarılan razılaşma Ukrayna üçün məqbul olmalıdır. Zelenski qeyd edib ki, prezident seçkiləri və referendumun eyni vaxtda keçirilməsi seçici fəallığını artıracaq və prosesi daha legitim edəcək.

Lakin Zelenskiyə görə, istənilən razılaşma Ukrayna xalqı üçün məqbul olmalıdır.

"Düşünmürəm ki, referenduma pis razılaşma çıxarmalıyıq", - deyə Zelenski bildirib və əlavə edib ki, prezident seçkilərinin keçirilməsi ideyası ruslardan gəlir: "Çünki onlar məndən yaxa qurtarmaq istəyirlər".

"The Atlantic" qəzetinin məlumatına görə, Tramp tezliklə bütün diqqətini ABŞ-dəki aralıq seçkilərinə ayıra, danışıqlar prosesindən çəkilə və uğursuzluğa görə hər iki tərəfi günahlandıra bilər.

Jurnalistin sözlərinə görə, Zelenski görüş zamanı bir neçə dəfə alçaldıcı şərtlər altında sülh razılaşmasını qəbul etməyəcəyini təkrarlayıb.

"Biz müharibəni bitirməyə tələsirik", - deyə Ukrayna Prezidenti vurğulayıb, lakin əlavə edib ki, buna hər nə yolla olursa olsun, yəni, istənilən şərtlə getmək fikrində deyillər.

Ukrayna Prezidenti həmçinin qeyd edib ki, ölkə sakinlərini əlverişsiz bir razılaşmanı qəbul etməyə məcbur etməkdənsə, ümumiyyətlə razılaşma bağlamamağı üstün tutardı.

"Ukrayna uduzmur", - deyə Zelenski Şusterin cəbhədəki vəziyyəti qiymətləndirmək istəyinə cavab olaraq bildirib. Dörd illik gərgin döyüşlərdən sonra belə, Ukrayna lideri ləyaqətli və davamlı sülhü təmin etmək üçün lazım gələrsə, mübarizəni davam etdirməyə hazır olduğunu bildirib.

Zelenskinin sözlərinə görə, Donald Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün fərqli bir yanaşma seçib.

"Düşünürəm ki, Tramp üçün Rusiya ilə Ukrayna arasında müharibəni dayandırmaqdan daha böyük qələbə yoxdur. Bu, onun irsi üçün əsas prioritetdir", - deyə Ukrayna lideri bildirib.

Zelenskinin sözlərinə görə, müharibəyə son qoymaq 2026-cı ilin noyabr ayında keçiriləcək ABŞ Konqresinə aralıq seçkilərdə respublikaçılara da kömək edə bilər: "Tramp üçün ən əlverişli vəziyyət müharibəni aralıq seçkilərdən əvvəl bitirməkdir. Bəli, o, daha az ölüm istəyir. Amma daha açıq desək, bu, onun üçün sadəcə bir qələbədir, siyasi bir qələbədir".

Zelenski hesab edir ki, Moskva bu vaxtdan müharibəni bitirmək üçün istifadə edə bilər.

Ukrayna Prezidenti özü əsas tələbində israr edəcəyini qeyd edib: sülhə doğru ilk addım ABŞ və Avropanın atəşkəsdən sonra Ukraynanı Rusiyanın gələcək hücumlarından qoruyacaqlarına dair zəmanətləri olmalıdır.

C.Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
80
50
azpolitika.info

10Mənbələr