RU

Putin “paralel ordu” QURUR Savaşı bitirmək üçün SON cəhd?

ain.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya Prezidenti Vladimir Putin ölkənin təhlükəsizlik sistemində növbəti struktur dəyişikliyinə imza atıb. Musavat.com-un məlumatına görə, imzalanan yeni fərmana əsasən, Rusiya Milli Qvardiya Qoşunlarının Baş Qərargahı yaradılır. Yeni qurumun formalaşdırılması Milli Qvardiyanın fəaliyyətinin daha koordinasiyalı və effektiv təşkili məqsədi daşıyır.

Məlumata görə, yeni struktur Rusiya Milli Qvardiyasının döyüş hazırlığını qorumaq üçün fəaliyyətlərin planlaşdırılmasına, qoşunlarının xidməti və döyüş istifadəsinin idarə olunmasına və həmçinin, kəşfiyyat fəaliyyətlərinin aparılmasına cavabdeh olacaq. Qərargah Milli Qvardiya qoşunlarının onlara həvalə olunmuş tapşırıqları yerinə yetirməsi üçün kəşfiyyat aparacaq. Qərargahı Rusiya Milli Qvardiyasının direktoru, Putinin ilk iki prezidentlik müddətində təhlükəsizlik rəisi və (2000-ci ildən 2013-cü ilə qədər) baş nazir vəzifələrində çalışmış 72 yaşlı Vladimir Zolotov idarə edəcək.

Ekspertlər hesab edirlər ki, Kreml rəhbəri əslində Ukrayna savaşını bitirmək üçün prosesləri sürətləndirir. Yeni qurumun bu istiqamətdə bir sıra tapşırıq alacağı ehtimal olunur...

Hərbi icmalçı Səxavət Məmmədin fikrincə, Milli Qvardiya daxilində Baş Qərargahın yaradılması Milli Qvardiyanın sadəcə asayişi qoruyan bir qurumdan birbaşa prezidentə bağlı olan və geniş kəşfiyyat imkanlarına malik "paralel ordu"ya çevrilməsi prosesini tamamlayır: ""Rosqvardiya" artıq sadəcə, mitinqləri dağıdan daxili qoşun deyil. Müharibə dövründə onlar işğal olunmuş ərazilərdə asayişi qoruyur, diversiya qrupları ilə mübarizə aparır və hətta ağır texnika (tanklar, artilleriya) ilə döyüşlərdə iştirak edirlər. Baş Qərargahın yaradılması bu genişmiqyaslı hərbi əməliyyatların daha peşəkar və mərkəzləşdirilmiş şəkildə idarə olunması anlamına gələcək.

Yeni struktur "Rosqvardiya"nın Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı ilə daha sıx inteqrasiyasını təmin edəcək. Bu, cəbhə arxasında və sərhəd bölgələrində (məsələn, Kursk, Belqorod) idarəetmə boşluqlarını aradan qaldırmaq məqsədi daşıyır. 2023-cü ildəki "Vaqner" qiyamı zamanı "Rosqvardiya"nın çevik reaksiya verə bilməməsi Rusiya mediasında ciddi tənqid olurdu. Baş Qərargahın yaradılması bu qurumun operativliyini artırmaq və gələcəkdə daxili sabitliyə yönəlmiş hər hansı təhdidə qarşı "hərbi dəqiqliklə" cavab vermək üçün nəzərdə tutulub.

Yeri gəlmişkən, fərmanda kəşfiyyat fəaliyyətinə xüsusi vurğu vurulması "Rosqvardiya"nın həm cəbhədə, həm də ölkə daxilində məlumat toplama imkanlarını genişləndirir. Əslində bununla Federal Təhlükəsizlik Xidmətindən və Müdafiə nazirliyinin Baş Kəşfiyyat İdarəsindən başqa Putin yeni məlumat alma mərkəzinə çıxış əldə edir. Çünki Ukraynaya hücumla bağlı ən çox tənqid olunan qurumlar məhz "FSB" və "QRU" idi. Ona görə də, Putin özünə bağlı yeni kəşfiyyat xidməti də əldə etmiş olur".

Ekspert hesab edir ki, Vladimir Zolotovun yeni yaradılan quruma rəhbər gətirilməsi Rusiya dövlət idarəçiliyində hərbi-siyasi gücün yenidən bölüşdürülməsi deməkdir: "Zolotov karyerasına 1990-cı illərdə Putinin şəxsi mühafizəçisi kimi başlayıb, sonradan Federal Mühafizə Xidmətinin rəhbəri vəzifəsinədək yüksəlib. O, sistemin ən sadiq simalarından biri hesab olunur. Fikrimcə, Putinin yaratdığı yeni qurum həm də daxildəki rəqiblərinə mesaj kimi qiymətləndirilə bilər. Çünki Rusiya tarixinə baxdıqda ordu və xüsusi xidmət orqanları arasından hakimiyyətə baş qaldırmalar və qiyamların olduğunu görürük. Ona görə də, bu fərmanı qabaqlayıcı addım kimi də oxuya bilərik”. /Musavat.com/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
4
50
icma.az

10Источники