“Əsas  məqsəd  oyunun əvvəlcədən planlaşdırıldığı qaydada  keçirilməsidir  və bunun üçün bütün addımlar  atılır”.

Bunu Offsideplus.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev deyib.

O, Misli Premyer Liqasının XIX turu çərçivəsində bu gün keçirilməli olan “Şamaxı” – “Qarabağ” oyununun təxirə salınma ehtimalı ilə bağlı danışıb: “Şamaxı şəhərinə bu gün səhər saatlarından etibarən qar yağmağa  başlayıb. Bu ehtimal nəzərə alınaraq AFFA ilə birgə danışıqların yekunu olaraq əraziyə Bakıdan sırf bu durumlar üçün nəzərdə tutulmuş qartəmizləyən traktor göndərilib. Hazırda qar davam etdiyi  üçün  təmizlənən ərazi yenidən qarla örtülür və əsas  problem məhz budur. Amma  işlər tam planlı şəkildə aparılır, “Şamaxı” klubu ilə daim əlaqədəyik, klub narıncı toplarla da  təmin olunub. Əgər  aradan qaldırılması mümkün olmayan problemlər  meydana çıxarsa, hakimin qərarına əsasən, əsasnaməyə uyğun olaraq  addımlar  atılacaq”.

Qeyd edək ki, matçın saat 14:30-da keçirilməsi nəzərdə tutulub.