RU

Mikel Merino uzun müddətə sıradan çıxdı – ARENA.AZ

İngiltərənin “Arsenal” klubunun ispaniyalı mərkəz yarımmüdafiəçisi Mikel Merino uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Arena.az bu barədə London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

29 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının 23-cü turunda “Mançester Yunayted”ə uduzduqları (2:3) oyunda zədə almışdı. İspaniya millisinin üzvü sağ ayağındakı sümükdən ciddi xəsarət alıb. Klubdan verilən məlumata görə, Merino yaxın günlərdə əməliyyat olunacaq və uzun müddət meydana çıxa bilməyəcək.

Xatırladaq ki, “Arsenal” Merinonu 2024-cü ilin avqustunda 32 milyon avro müqabilində İspaniya təmsilçisi “Real Sosyedad”dan transfer edib. 28 yaşlı futbolçunun “topçular”la 2028-ci ilin 30 iyununadək müqaviləsi var.

Merino “Arsenal”ın heyətində cari mövsümdə 33 oyun keçirib, 6 qol vurub, 3 məhsuldar ötürmə verib. İspan futbolçu bu komandada bütövlükdə 77 oyuna 15 qol və 8 assistlə yadda qalıb.

Mikel Merino “Osasuna”nın yetirməsidir. O, 2016-2017-ci illərdə Dortmund “Borussiya”sında, 2017-2018-ci illərdə “Nyukasl”da legioner həyatı yaşayıb. 2018-ci ildə ölkəsinə qayıtmış ispan yarımmüdafiəçi həmin vaxtdan “Arsenal”a keçənə qədər “Real Sosyedad”da çıxış edib.

2020-ci ildən İspaniya yığmasında çıxış edən Merino, millidə 41 oyuna 10 qol və 5 məhsuldar ötürmə müəllifi olub. O, 2024-cü ildə İspaniya millisi ilə Avropa çempionu olub.

“Transfermarkt” internet-portalı 29 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
24
8
arena.az

10Источники