“Barselona”nın hücumçusu Rafinya İspaniya Kubokunun 1/4 finalı çərçivəsində “Albasete”yə qarşı keçirəcəkləri oyunda iştirak etməyəcək.
Arena.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı futbolçunun sağ budundan əzələ zədəsi aldığı diqqətə çatdırılıb. Hücumçu buna görə bir müddət məcburi istirahət etməli olacaq. Amma onun bərpa müddəti açıqlanmır.
Xatırladaq ki, Rafinya “Avai”nin məzunudur. Karyerasının Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyul ayında “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində “Lids”dən tamhüquqlu əsasda “blauqrana”nın heyətinə qatıb. Braziliyalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Rafinya “Barselona” üçün 22 oyun keçirib, 13 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.
Rafinyanın “Barselona” karyerası ümumilikdə 166 oyun, 67 qol və 56 məhsuldar ötürmədən ibarətdir.
Braziliyalı hücumçu Kataloniya nəhəngi ilə 2022/2023-cü və 2024/2025-ci illər mövsümlərində İspaniya La Liqasını qazanıb, iki dəfə İspaniya Super Kubokunun (2022/2023, 2024/2025), bir dəfə İspaniya Kral Kubokunun (2024/2025) qalibi olub.
Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 36 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 28 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.
