Futbol üzrə Portuqaliya yığmasının və “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes şəxsi rekordunu təkrarlayıb.
Arena.az xəbər verir ki, portuqaliyalı futbolçu İngiltərə Premyer Liqasının 24-cü turunda 3:2 hesabı ilə qələbə qazandıqları “Fulhem”lə oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Mançester klubunun kapitanının hesabında hazırda 12 məhsuldar ötürmə var. Bu, onun İngiltərə klubuna keçdikdən sonrakı ilk mövsümündə (2020/2021) müəyyənləşdirdiyi şəxsi rekordunun təkrarıdır. Cari mövsümün hələ yarısında olduğunu nəzərə alsaq, Fernandesin qalan oyunlarda yeni rekorda imza atacağı şübhə doğurmur.
Bruno Fernandes “Mançester Yunayted”ə 2020-ci ilin yanvar ayında 65 milyon avro məbləğ müqabilində Lissabon “Sportinq”indən tamhüquqlu əsasda keçib. Fernandesin İngiltərə nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Fernandes “qırmzı şeytanlar”ın heyətində 23 oyun keçirib, 5 qol vurub, 13 məhsuldar ötürmə verib.
Fernandesin “Mançester Yunayted” karyerası ümumilikdə 313 oyun, 103 qol və 99 məhsuldar ötürmədən ibarətdir.
Bruno Fernandes 2017-ci ilin noyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 85 oyuna çıxıb. Təcrübəli futbolçu bu oyunlarda 28 qol vurub, 24 məhsuldar ötürmə verib.
Bruno Fernandesin peşəkar karyerasındakı əsas uğurları da məhz “Mançester Yunayted”, “Sportinq” klubları və Portuqaliya yığması ilə bağlıdır.
“Transfermarkt” internet-portalı 31 yaşlı portuqal hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.
