ABŞ İrana qarşı quru əməliyyatını istisna etmir
ABŞ Hərbi Dəniz Qüvvələri yanvarın 30-da İrana qarşı mümkün əməliyyat ərəfəsində Yaxın Şərqdə döyüş mövqelərini tutmağa başlayıb. ABŞ-ın aviadaşıyıcı zərbə qrupunun tərkibində bölgəyə göndərilən esmineslərdən biri İsrailin Eylat şəhərinin limanında lövbər salıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Məlumata görə, son günlərdə ABŞ prezidenti Donald Trampa Tehranla bağlı genişləndirilmiş hərbi ssenarilər paketi təqdim olunub. Bu variantlar sırasında ABŞ-ın xüsusi təyinatlı qüvvələrinin İran İslam Respublikasının ərazisinə endirilməsi də yer alır.
Eyni zamanda, bildirilir ki, Vaşinqton yalnız son dövrlər İranda baş vermiş etiraz aksiyalarının yatırılmasına cavabdeh olan təhlükəsizlik strukturlarının mövqelərini deyil, həm də 2025-ci ilin iyun ayında ABŞ və İsrail tərəfindən həyata keçirilmiş zərbələrdən kənarda qalmış nüvə obyektlərini hədəfə almağı planlaşdırır.
Ekspertlərin fikrincə, ABŞ-ın hərbi aktivliyinin artması Yaxın Şərqdə gərginliyin yeni mərhələyə keçə biləcəyindən xəbər verir. Quru əməliyyatı ehtimalının açıq şəkildə gündəmə gətirilməsi isə Vaşinqtonun Tehrana qarşı təzyiq strategiyasını sərtləşdirdiyini göstərir.
İsrailin Kan xəbər korporasiyası yanvarın 30-da ABŞ Hərbi Dəniz Qüvvələrinin Yaxın Şərqdə döyüş mövqelərini tutmağa başladığını bildirib. Məlumata görə, Qırmızı dənizdə, İsrailin cənubunda yerləşən Eylat şəhərinin limanında ABŞ-ın aviadaşıyıcı zərbə qrupunun tərkibində bölgəyə göndərilən bir esmines lövbər salıb. Sözügedən qrupun flaqmanı USS Abraham Lincoln aviadaşıyıcısıdır.
Eyni zamanda, Vaşinqton tərəfindən bu ay Yaxın Şərqə göndərilən çoxməqsədli F-15E qırıcıları artıq İordaniyada yerləşən ABŞ hərbi bazasında mövqelərini tutublar. Bu barədə The New York Times (NYT) qəzeti peyk görüntülərinə istinadla məlumat yayıb. Qeyd olunur ki, sözügedən baza ABŞ-ın 2025-ci il iyunun 22-nə keçən gecə həyata keçirdiyi “Gecəyarısı çəkici” (“Midnight Hammer”) əməliyyatı zamanı da istifadə edilib. Həmin əməliyyat çərçivəsində İranın nüvə infrastrukturu obyektlərinə zərbələr endirilmişdi.
Ən birinci və ən təhlükəli ssenari ABŞ-ın xüsusi təyinatlı qüvvələrinin İran ərazisinə endirilməsidir. Bu əməliyyatın məqsədi ötən il həyata keçirilmiş “Gecəyarısı çəkici” (“Midnight Hammer”) əməliyyatı zamanı hədəfə alınmayan milli nüvə proqramına aid obyektlərin məhv edilməsi və ya sıradan çıxarılmasıdır.
The New York Times (NYT) qəzetinin mənbələrinin bildirdiyinə görə, ABŞ qüvvələri artıq uzun müddətdir ki, müntəzəm təlimlər çərçivəsində İran ərazisinə sızma və strateji əhəmiyyətli hədəflərə zərbələrin endirilməsi kimi əməliyyat ssenarilərini məşq edirlər.
Bununla belə, ABŞ prezidenti Donald Tramp daha əvvəl İrana qarşı mümkün əməliyyat zamanı quru qoşunlarının genişmiqyaslı şəkildə cəlb edilməsindən yayınmağa çalışacaqlarına işarə etmişdi. Bu arada, NYT-nin yanvarın 29-da məlumat verdiyi kimi, son günlərdə ABŞ prezidenti Donald Trampa İrana qarşı mümkün tədbirləri əhatə edən yenilənmiş fəaliyyət planı təqdim olunub. Mənbələrin bildirdiyinə görə, bu siyahıya hərbi təzyiqin müxtəlif ssenariləri daxil edilib.