
ABŞ Prezidenti Donald Tramp ABŞ Mərkəzi Bankının (FED) sədri vəzifəsinə namizəd göstərəcəyi şəxsin adını gələn həftə elan edəcəklərini açıqlayıb.
Ağ Evdə keçirilən 2026-cı ilin ilk kabinet iclasında iqtisadiyyatla bağlı məsələlərə toxunan Tramp, administrasiyasının ilk ilində əldə olunan uğurlardan danışıb. O, sabiq prezident Co Bayden dövrünə aid etdiyi "inflyasiya kabusuna" son qoyduqlarını və nəhəng iqtisadi artıma nail olduqlarını vurğulayıb.
Tramp tətbiq edilən gömrük tariflərinin milli təhlükəsizliyi gücləndirdiyini və dövlət büdcəsinə görünməmiş gəlir gətirdiyini qeyd edib. Bu tariflərin şirkətləri ABŞ-da istehsal qurmağa sövq etdiyini deyən Tramp, mövzu ilə bağlı ABŞ Ali Məhkəməsinin verəcəyi qərarın kritik əhəmiyyət kəsb etdiyini bildirib.
Tariflər sayəsində yüz milyardlarla dollar gəlir əldə etdiklərini və bu vəsaiti geri qaytarmaq niyyətində olmadıqlarını deyən Tramp, məhkəmə iddiası qaldıran tərəfləri "Çin mərkəzli" olmaqda ittiham edib:
"Tariflər daha yüksək də ola bilərdi. Əslində bu məsələdə kifayət qədər mülayim davrandıq".
FED-in faiz qərarları ilə bağlı tənqidlərini davam etdirən Tramp, yeni sədrin gələn həftə açıqlanacağını və bu şəxsin yaxşı iş çıxaracaq biri olacağını söyləyib. FED-in mövcud faiz dərəcələrinin qəbulolunmaz dərəcədə yüksək olduğunu müdafiə edən prezident, ABŞ-ın dünyada ən aşağı faiz dərəcəsinə sahib ölkə olması lazım olduğunu təkrar edib. Trampın fikrincə, faizlər hazırkı göstəricidən 2, hətta 3 bənd daha aşağı olmalıdır.
Xatırladaq ki, FED ötən gün faiz dərəcələrini gözlənildiyi kimi %3,5 - %3,75 aralığında sabit saxlayıb.
Trampın FED sədrliyi üçün nəzərdən keçirdiyi iddia edilən əsas namizədlər bunlardır:
Kevin Hassett: Ağ Ev Milli İqtisadi Şurasının direktoru.
Kristofer Uoller: FED İdarə Heyətinin üzvü.
Kevin Uorş: FED-in keçmiş idarə heyəti üzvü.
Rik Rider: "BlackRock" aktivlərin idarə edilməsi şirkətinin rəhbər şəxsi.
Qeyd edək ki, FED-in sədri Ceyrom Pauellin səlahiyyət müddəti bu ilin may ayında başa çatır.